Putin Reyqana bənzədildi

18 Fevral 2015 17:55 (UTC+04:00)

Reyqan və ABŞ o zaman səhv addım atdı, indi də Putin və Rusiya yanlış hərəkət edir.

ABŞ-da yayımlanan nüfuzlu "Foreign Policy" (Xarici siyasət) jurnalı Rusiya prezidenti Vladimir Putinin indiki davranışlarını keçmiş prezidentlərdən olan Ronald Reyqanla müqayisə edib.

Müəllif Stefen M.Vaalt yazır: "1980-ci il başlayanda amerikalıların çoxu düşünürdü ki, sovet hakimiyyəti güclənir və Moskvanın iştahı artır. Reyqan bu qorxularla Ağ evin Oval ofisindən oturub düşünüb daşındı və ölkəni inandırdı ki, ordunu gücləndirmək vacibdir.

Reyqan xüsusilə Sovet dövlətinin Qərb yarımkürəsinə yaxınlaşmasını dayandırmağa çalışırdı. Nikaraquada Sandinista hərəkatı amerikapərəst diktaror Anastasio Somoza Debayleni devirmiş, Kuba ilə münasibət yaratmağa başlamışdı. Buna cavab olaraq Reyqan hökuməti Sandinista əleyhinə qüvvələri təşkilatlandırdı, silahlandırdı və möhkəm dayandı.

Nəticə nə oldu? Vətəndaş müharibəsi 35 min nikaraqualının həyatına son qoydu. Bu rəqəm Nikaraqua əhalisinin 2 faizinə bərabər idi... Reyqan və Birləşmiş Ştatlar o zaman səhv addım atdı, indi də Putin və Rusiya yanlış hərəkət edir."

Müəllif yazır: "Nə qədər xoşumuza gəlməsə də, böyük dövlətlər sərhədlərindəki siyasi şərtlərə həssas yanaşırlar. Maraqlarını qorumaq üçün gücdən istifadəyə meylli olurlar. Məhz Qərbin bu əsas faktı anlamaması Ukrayna böhranının niyə yaranmasını və həllinin çətinliyini izah edir."