Narkomaniyaya qarşı mübarizə üzrə komissiyanın iclası keçirildi

18 Fevral 2015 18:40 (UTC+04:00)
Binəqədi rayonunda Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın iclası keçirilib. Movqe.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında fəaliyyət göstərən Şura Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın 2014-cü il ərzində gördüyü işlər barəsində iclas Binəqədi RİH başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Aygün Əliyevanın sədrliyi ilə keçirildi. Tədbirdə RİH başçısı aparatının şöbə müdiri Nuridə Allahyarova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, həmçinin rayonun hüquq-mühafizə orqanları və bir sıra icra strukturlarının nümayəndələri və təhsil müəssisələrinin rəhbərləri iştirak etdilər.
Binəqədi Mərkəzi Mədəniyyət Evində gerçəkləşən tədbiri Binəqədi RİH başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Aygün Əliyeva giriş nitqi ilə açaraq insanların, xüsusilə gənclərin sağlam həyat tərzi, əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunmasında zərərli vərdişlərdən, eləcə də narkomaniya bəlasından qorunmağın vacibliyindən danışdı. A.Əliyeva vurğuladı ki, narkomaniya bəlası insanın təkcə fiziki sağlamlığına mənfi təsir göstərməklə kifayətlənmir, həm də mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında pozucu və dağıdıcı faktor rolunda çıxış edir. Gələcəyimiz olan gənc nəslin hərtərəfli sağlam formalaşması naminə ictimai məsuliyyətini dərk edən hər bir vətəndaşın narkomanlığa qarşı mübarizədə həmrəylik göstərməsinin vacib olduğunu da RİH başçısının müavini çıxışında xüsusi qeyd etdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon Prokurorunun müavini Ülvi Abbasov Milli Təhlükəsizlik Nazirliyi Binəqədi Rayon İdarəsinin rəis müavini Məzahir Xəlilov, Binəqədi Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi Elman Seyidov narkomanlığa qarşı mübarizədə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının rolundan danışdılar, bu sahədə koordinasiyalı işin vacibliyini qeyd edərək ictimaiyyətin həssaslıq göstərməsinin əhəmiyyətindən bəhs etdilər.
Komissiyanın iclası Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarovanın Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın 2014-cü il ərzində gördüyü işlər barədə hesabat məruzəsi ilə davam etdirildi.
Tədbirdə Şura qərarının oxunmasından sonra yekun müzakirələr aparıldı.
Müzakirələrdən sonra tədbirin bədii hissəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Binəqədi Mərkəzi Mədəniyyət Evinin akt zalında Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilmiş "Həyatla oyun" teatr tamaşası nümayiş etdirildi.
Tamaşa tədbirdə iştirak edən məktəblilər tərəfindən böyük maraqla qarşılandı.