Ana dilimizə xor baxanlar

19 Fevral 2015 08:00 (UTC+04:00)

Aparılan son araşdırmalar bir daha göstərir ki, ticarət mərkəzlərində hələ də məhsul haqqında məlumatları əcnəbi dildə olan mallar satılır. Xüsusən də ərzaq məhsulları haqqında izahların ana dilimizdə olmaması seçim zamanı alıcılar üçün çətinlik yaradır. Özü də ıstehlakçıların hüquqlarının kobud şəkildə pozulduğu belə satış mərkəzlərinin sayı az deyil. Istehlakçıların hüquqlarının müdafıəsı haqqında qanuna əsasən, satışda olan malların üzərındəkı etıketlər və dıgər yazılar müvafıq xarıcı dıllərlə yanaşı, dövlət dılındə də olmalıdır. Məhsullardan ıstıfadə qaydaları barədə ızahat vərəqələrı azərbaycan dılınə tərcümə edilməlidir. Amma buna satış mərkəzlərinin heç də hamısı əməl etmir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov düşünür ki, belə durumun yaranması prosesə bəzi cavabdeh qurumların məsələyə biganə münasibətinin nəticəsidir: "Məhsullar üzərində Azərbaycan dilində məlumatların yer almaması onu göstərir ki, dövlət dili haqqında qanuna, o cümlədən istehlakçıların hüquqları haqqında qanuna hörmət olunmur. Bu yaxınlarda Azərbaycanda satılan "Herkules" məhsulunun bir çox dillərlə markalandığının şahidi olduq. Amma həmin məhsul Azərbaycan dilində markalanmamışdı. Bununla bağlı dövlət orqanları qarşısında məsələ qaldıraraq, onun düzəldilməsinə nail olduq. Təəssüflər olsun ki, xaricdən gətirilərək, Azərbaycanda satılan malların 30 faizi milli dildə markalanmayıb. Dövlət dili haqqında qanunda göstərilir ki, Azərbaycanın əmtəə dövriyyəsində olan bütün, o cümlədən mürəkkəb texniki mallar haqqında sənədlər milli dildə olmalıdır. Bu günləri kompüterlərin, telefonların, fotoaparatların, avtomobillərin, dərmanların müşayiətedici sənədlərini araşdırsaq, onların böyük hissəsində milli dildə məlumatlara rast gəlməyəcəyik. Bu, əslində, istehlakçının ana dilində mal haqqında informasiya hüququnun pozulması deməkdir. Azad İstehlakçılar Birliyi bu işə töhfə vermək üçün 150 adda körpə qidalarının etiketlərini YUNİSEF-in dəstəyilə ana dilinə tərcümə edərək, onun elektron və kağız variantını yaradıb. Bununla körpə qidaları ilə bağlı vəziyyətin yaxşılığa doğru dəyişməsinə nail olduq. Lakin təəssüf ki, digər sahələrdə məsələ hələ də həll olunmamış qalıb. Dükanlar şəbəkəsində xaricdən gətirilən mallar çoxdur. Hətta duz haqqında qanun da qəbul olunub. Amma çoxlu sayda mallar, o cümlədən duzlar milli dildə markalanmayıb. Bu sahədə əsas problem özünü mürəkkəb texniki mallarda, yuyucu vasitələrdə və qida məhsullarında göstərir. Dövlət qanunlarını icra edən bəzi icra orqanlarının biganəliyi belə halların baş verməsinə gətirib çıxarıb. Əslində, ana dilində məlumatın verilmədiyi mallar ölkəyə buraxılmamalıdır. Biznesmenlər xarici tərəfdaşları ilə müqavilə bağlayan zaman nədənsə müqavilə şərtlərinə məlumatların ana dilində verilməsi məsələsini salmırlar. Yəni, bu məsələdə biganəlik hökm sürür. Əslində isə, müqavilə ilə mal istehsal yerində başqa dillərlə yanaşı, Azərbaycan dilində də markalanmalıdır.

Təkcə markalanma məsələsi deyil, ümumiyyətlə istehlakçı siyasətinin mükəmməl formalaşması üçün müəyyən dəyişikliklərin gedəcəyini gözləyirəm. Bu istiqamətdə dövlətin qəbul etdiyi qanunlara əməl olunmalıdır. Habelə, istehlakçı hüquqlarını qoruyan qanunlar kompleksi mükəmməl olmalıdır. Bu sahəyə cavabdeh orqanlar və həmin sahə üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatları effektli fəaliyyət göstərməlidirlər".

İqtisadçı ekspert Natiq Cəfərli çıxış yolunu nəzarətin gücləndirilməsi və cərimələrin kəskin artırılmasında görür: "Qanunvericilik səviyyəsində bununla bağlı heç bir çatışmazlıq yoxdur. Respublika ərazisində satılan dərmanlardan tutmuş ərzaq məhsullarına qədər, hamısının üzərində tərkibi, keyfiyyəti, saxlama müddəti barədə Azərbaycan dilində ətraflı məlumat olmalıdır. Amma görünən odur ki, bir çox, əsasən də topdansatış şirkətləri əksər hallarda buna getmirlər. Əsasən də ərzaq məhsulları ilə bağlı olaraq tez-tez belə halla rastlaşırıq. Belə halın qarşısını aımaq üçün təbii ki, yoxlamalar və cəzalar artırılmalıdır. Ölkəmizdə təəssüf ki, əsasən satışı həyata keçirən müəssisələrə cərimələr tətbiq olunur. Amma satış mərkəzlərinə məhsulun çatdırılmasını təşkil edən şirkətlər çox zaman nəzarətdən kənarda qalır. Ona görə tək ticarət müəssisələrini deyil, onları malla təmin edən şirkətlərin də yoxlanılması prosesi artırılmalı və cərimələr xeyli dərəcədə çoxaldılmalıdır. Əsasən də ərzaq məhsulları sahəsində məsələyə ciddi nəzarətin olması vacibdir. Cərimələr artarsa, nəzarət güclənərsə, həmin topdansatış ticarətilə məşğul olan şirkətlər də məsuliyyət dərk edib, malın üzərində ana dilində məlumatların olmasına çalışacaqlar. Çünki, belə yazıların olmaması onlara maddi cəhətdən ciddi təsir edəcək. Amma nəzarət indiki kimi zəif olacaqsa, yaxın gələcəkdə problem həllini tapmayacaq".