Yerli avtomobillərə daha böyük tələb yaranacaq

19 Fevral 2015 07:45 (UTC+04:00)

Manatın dollar və avroya nisbətdə son günlərdə müəyyən məzənnə itkisinə məruz qalması hazırda ən çox diqqət yetrilən məqamlar sırasında yer alır. Bu vəziyyətdə müşahidə olunan məqamlardan biri də son bir neçə gün ərzində valyutadəyişmə məntəqələrinə üz tutanların, dollar və alanların sayı artması ilə bağlıdır. Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarı buna təkan verən əsas amil sayılır. Lakin ekspertlər narahatlığa heç bir əsas görmür. Çünki Azərbaycanda bəzi MDB ölkələrindən fərqli olaraq avro və dolların kəskin bahalaşması gözlənilmir. Bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun açıqlamaları da təsdiq edir. Onun sözlərinə görə, Azərbaycanda manatın uzunmüddətli zəifləməsi üçün heç bir amil yoxdur.

E.Rüstəmov Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibəsində manatın məzənnəsinin müəyyən edilməsində bivalyutalı səbətnə keçidə də toxunub. O bildirib ki, Azərbaycanda bivalyutalı səbət 2008-2011-ci illəri əhatə edən dövrdə də tətbiq olunub və bu, AMB-yə daha çevik məzənnə siyasəti həyata keçirək imkanı verib: "Lakin o zaman neftin qiymətini çox yüksək səviyyədə olduğu üçün Azərbaycanın ödəmə balansının yüksək profisitliyi şəraitində balansdan irəli gələn manatın məzənnəsinin möhkəmlənməsinə böyük bir təzyiq var idi. Digər tərəfdən isə əhəmiyyətli dərəcədə avro da dollara qarşı bahalaşırdı. Hər iki amil manatın məzənnəsini möhkəmləndirməyə doğru aparırdı. Əgər biz o dövrdə bivalyutalı səbətdə avrodan imtina etməsəydik, bu gün daha möhkəm manat məzənnəsi ilə üz-üzə olardıq. Bunu üstün tərəfləri var təbii ki... Məsələn, inflyasiyanın azaldılması və sair. Lakin bunu mənfi tərəfləri də var, bu da ixracatçıların mənafeyinin qorunması, iqtisadiyyatın diversifikasiyasına mənfi təsir və sair.

Bütün bunları nəzərə alaraq biz o zaman bivalyutalı səbətdən imtina etdik. Bu gün isə biz tam başqa bir mənzərə ilə rastlaşırıq. Bilirik ki, davamlı şəkildə avro dollara qarşı ucuzlaşır. Bizim məzənnəmizin sərt şəkildə dollara bağlandığına görə, bu ötürücülük manata da təsir edir. Çox maraqlıdır ki, bu gün manatın məzənnəsi bizim əsas ticarət tərəfdaşlarımıza qarşı üzən rejimdədir. Çünki biz dollara bağlıyıq, dollar isə digər məzənnələrə qarşı sərbəst rejimdədir. Avrozona bizim əsas tərəfdaşlarımızdan biridir. Və biz iqtisadi perspektivlərimizi düşünürük. Belə şəraitdə manatın dollardan tam asılılığını aradan qaldırmaq üçün, biz avronu səbətdə bərpa etdik. Demək istərdim ki, bu bərpa o qədər də əhəmiyyətli deyil. Bu isə bizə imkan verir ki, avronun dollara qarşı gözlənilən əlavə zəifləməsi manata ötürülməsin".

Baş bankir deyib ki, bivalyutalı səbətə keçid bütövlükdə məzənnə siyasətinə çeviklik və müstəqillik gətirəcək: "Manatın uzunmüddətli zəifləməsi üçün bu gün heç bir amil yoxdur. İqtisadi praktikaya nəzər salsaq, bu, iki halda baş verə bilər. Birinci, əgər ölkənin ödəmə balansında davamlı defisit varsa. İkinci isə bu şəraitdə ölkənin heç bir ehtiyatlarının olmamasıdır. Lakin Azərbaycanın ÜDM-nin 70%-nə yaxın bir səviyyədə valyuta ehtiyyatları var. Bir sözlə, bu iki fundamental amildən praktikada heç biri Azərbaycanda yoxdur". Bununla belə, AMB rəhbəri qeyd edib ki, "bütövlükdə qlobal səviyyədə gedən proseslərə biz reaksiya verməliyik". "Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur" deyən E.Rüstəmov daha sonra bildirib: "Təbii ki, kəskin devalvasiyanın aparılması ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin mənafelərinə zidd olardı. Başqa ölkələrdən fərqli olaraq biz bu addımı atmadıq. Birmənalı olaraq deyirəm ki, bu addım barədə heç düşünülmür.

Bizim əsas məqsədimiz bundan ibarətdir ki, ölkədə iqtisadi artımı stimullaşdıraq, ölkə başçısının dediyi kimi, ixracatı stimullaşdırılması istiqamətində siyasət aparaq. Çevik məzənnə siyasəti də bunun tərkib hissəsidir". E.Rüstəmov bildirib ki, çevik məzənnə siyasəti idxalı bahalaşdıra bilər. Lakin bu gün Azərbaycanın ərzaq məhsulları üzrə idxaldan asılılığı çox aşağıdır. "Məhz buna görə biz Azərbaycana inflyasiya idxalını gözləmirik. Ərzaq məhsullarında bahalaşmanın iqtisadi əsası yoxdur". Lakin ərzaqla müqayisədə digər idxal məhsullarını bahalaşması qaçılmaz sayılır. Xüsusən də məişət texnikası və avtomobillərin qiymətində artım gözlənilir. İqtisadçı-ekspert Samir Əliyev də bildirir ki, manatın ucuzlaşması idxal məhsullarının bahalaşmasına gətirib çıxaracaq. O qeyd edib ki, manatın sabit qalması xairci məhsulların ucuz başa gəlməsinə səbəb olurdu: "Bundan sonra xaricdən gətirilən malların bahalaşması baş verəcək". Lakin əvəzində manatı ucuzlaşdırmaq qeyri-neft sektorunun inkişafın atəkan verəjək. Həmçinin, yerli məhsulların istehsal həjminin artması gözlənilir. Məsələn, idxal avtomobillərinin qiymət artımı fonunda yerli maşınlara daha böyük tələb yaranması gözlənilir. Eləcə də digər yerli istehsal üzrə eyni fikirləri söylmək olar.

Dollarlaşma prosesi də buna müəyyən mənada təkan vermiş olacaq. Yeri gəlmişkən qeyd edək ki, Elman Rüstəmov da dollarlaşma prosesinin getdiyini bildirir. Onun sbzləriən görə, Azərbaycanda artıq iki aydır dollarlaşma prosesi gedir və bu proses davam edəcək: "Burada qəribə heç bir şey görmürəm. Bu, psixoloji və xarici amillərlə, qonşu ölkələrdə gedən proseslərlə bağlı olan məsələdir. Məsələn, Qazaxıstanda dollarlaşma 70%-i üstələyib. Bunun əsas səbəbi kəskin devalvasiyadır və əhali tərəfindən öz milli valyutalarına olan marağın itirilməsidir". Azərbaycanda isə manata maraq hələ kifayət qədər yüksəkdir.