Qarabağda qəfil müharibə…

19 Fevral 2015 08:20 (UTC+04:00)

Ermənistanın real mövqeyi bir daha bu qənaətə gəlməyə əsas verir ki, düşmən ölkə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində maraqlı deyil. Daha doğrusu rəsmi İrəvan status-kvonun olduğu kimi qorunub saxlanılmasını istəyir. Halbuki, Azərbaycan tərəfi problemin çözümü üçün artıq böyük sülh sazişiüzərində işə başlamağın zəruriliyini bəyan edir. Lakin Ermənistan XİN başçısı Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə rəsmi Bakının bu niyyətinə heç də adekvat olmayan reaksiya nümayiş etdirib. O, həmsədrlərlə görüşdə rəsmi Bakının sülh sazişi üzərində işə başlamaq təklifinə toxunaraq iddia edib ki, burada məqsəd əsas tənzimlənmə prinsipləri ətrafında aparılan danışıqları pozmaqdır: "Əsas prinsiplərə uyğun razılıq əldə olunduğu və Dağlıq Qarabağın bizimlə razılaşdığı halda, sülh sazişi üzərində işə başlamaq olar". Əslində, bu fikirlərinin tam cəfəngiyyat olduğunu Nalbandyanın özü də yaxşı bilir. Məsələni şərh edən bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edir: "Ermənistan xarici işlər naziri təəssüf doğuran ziddiyyətli şərhləri ilə regionda kimin sülh və təhlükəsizliyin bərqərar olmasına real əngəl yaratdığını bir daha göstərib". H. Hacıyev qeyd edib ki, davam edən gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: "Qeyd olunan "Dağlıq Qarabağ" heç vaxt əsas prinsiplərin hazırlanması üzrə danışıqların hər hansı mərhələsində iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi növbəti dəfə bütün mümkün metodlarla əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır".

Belə şəraitdə Azərbaycanın hərb yolu ilə ərazi bütövlüyünü bərpa etmək ehtimalı daha da yüksəlir. Bunun Ermənistan üçün yaxşı nəticələnməyəcəyini İrəvanda da gözəl bilirlər. Hər halda cəbhə zonasında son aylarda Ermənistan tərəfinin məruz qaldığı çoxsaylı itkilər də bunun real təsdiqi sayılır. Baş verənləri şərh edən ABŞ-ın nüfuzlu "Newsweek" jurnalı yazır ki, həqiqətən də Qarabağda müharibə başlaya bilər bunun qəfildən olması istisnalıq təşkil etmir. Jurnalın məqaləsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yanvarın əvvəllərindən başlayaraq artan gərginliyə toxunulur və iki ölkə arasında müharibənin "təsadüfən başlaması" təhlükəsinin mövcudluğundan bəhs edilir. "Newsweek" yeni ilin başlamasından bu yana təmas xəttində ermənilərin onlarla itki verdiyini xatırladır. Bildirir ki, 1994-cü ildə atəşkəs razılaşmasının əldə olunmasına baxmayaraq, təmas xəttində tez-tez baş verən atışmalar bu münaqişənin xarakterik cəhəti idi. Bununla belə ekspertlər indi xəbərdarlıq edirlər ki, bu il vəziyyət əvvəlki illərdən xeyli pis olub. İrəvanda mənzillənmiş Strateji Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan deyir ki, o, daha çox təsadüfi müharibədən, yaxud təmas xətti boyu toqquşmalar spiralının nəzarətdən çıxıb böyük müharibəyə səbəb olmasından qorxur. Kirakosyan yaxın aylarda toqquşmaların daha da artacağını gözləyir. O, qoşunların təmas xətti boyu bir-birinə nə dərəcədə yaxın dayandığını təsvir edərək deyir ki, atəşkəsdən sonra heç vaxt belə olmamışdı. Ekspert döyüş zonasının Azərbaycan-Ermənistan sərhədi boyu uzandığını da xatırladır. Londondakı Sülh və Müharibə İnstitutundan Con Makleod isə deyir: "Vəziyyət olduqca pisdir və hazırda təmas xəttində insidentlərin sayı artıb. Həmişə təhlükə var ki, tərəflərdən biri təmas xəttini keçəcək və bu, meşə yanğını kimi hər yerə yayılacaq. Və siz xəbər tutana qədər orada müharibə başlayacaq".

Tanınmış politoloq Sergey Markedonov isə vurğulayır ki, Ukraynada baş verən hadisələr postsovet məkanında mövcud münaqişələrə, o cümlədən dağlıq Qarabağ konfliktinə bu və ya digər şəkildə təsir göstərir: " Qarabağ münaqişəsinin həlli perspektivləri isə böyük narahatlq doğurur". Ekspertin sözlərinə görə, Qarabağ münaqişəsi Minsk formatında Qərb və Rusiyanın səylərini koordinasiya edə bilməsinə yaxşı bir nümunə idi. O, Qarabağ münaqişəsinin həlli səyləri çərçivəsində yeniləşdirilmiş Madrid prinsiplərinə dair konsensusun və müxtəlif yanaşmaların əldə edilə bildiyi məqamları vurğulayıb. "Rusiya və Qərb arasında bu gün mövcud qarşıdurmaya görə ATƏT-in Minsk qrupunun diplomatlarının qrupun formatından kənarda baş verənlərdən özlərini təcrid etməsi çox çətin olacaq". Bu isə o deməkdir ki, Minsk qrupunun münaqişnin dinc yolla həll edə bilmələri imkanlaır getdikcə tükənir. Çünkei ABŞ və Rusiyanın mövqeləri getdikcə haçalanır. Sergey Markedonovun sözlərinə görə, münaqişədə vasitəçilik edən tərəflərin mövqelərində qeyri-müəyyənlik cəbhə zonasında risklərin artmasına gətirib çıxarır. "Buna 1994-cü ildə mayın 12-də atəşkəsin tətbiq edilməsindən sonra onun ən ciddi şəkildə pozulması dəlalət edir". Hər halda mümkün müharibə Ermənistanın məğlubiyyətinə gətirib çıxaracaq. Çünki hərbi güc baxımından tərəflər arasında böyük fərq var və Azərbaycan çox qısa müddətdə güc yolu ilə ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır.