Leyla və Arzu Əliyevalar sərgidə
19 Fevral 2015 10:15 (UTC+04:00)
"Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən
ikinci Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalı
çərçivəsində məşhur "Sotheby's" hərrac evində tanınmış azərbaycanlı
rəssam, milli mədəniyyətdə nonkonformizmin banilərindən sayılan
Cavad Mircavadovun sərgisi açılıb. Sərginin açılış mərasimində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu
Əliyeva iştirak ediblər. "Buta" İncəsənət Mərkəzinin baş direktoru
Nəsib Piriyev Mərkəzin həyata keçirdiyi layihələrdən bəhs edib. O,
ikinci Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalı
çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında da məlumat
verib. Sərginin kuratoru, müasir incəsənət mütəxəssisi, qalereyaçı
Fərəh Piriyeva Azərbaycanın istedadlı rəssamlarının əsərlərinin
dünyada böyük maraq doğurduğunu diqqətə çatdırıb. Qeyd edilib ki,
Cavad Mircavadov Azərbaycan rəssamlarının ən istedadlı
nümayəndələrindən biri olub. O, sənətsevərlər tərəfindən XX əsrin
görkəmli Azərbaycan rəssamı kimi tanınır. "Sotheby's" hərrac evinin
baş direktorunun müavini lord Mark Poltimore Azərbaycan
incəsənətinin dünya sənət aləmində özünəməxsus yeri olduğunu qeyd
edib. O, azərbaycanlı rəssamın sərgisinə ev sahibliyi etməkdən
məmnunluqlarını ifadə edib. Sonra sərgiyə baxış olub. Azərbaycan
incəsənət tarixində müasir istiqamətin banisi kimi tanınan Cavad
Mircavadov 1923-cü ildə Bakıda anadan olub. 1949-1954-cü illərdə
Sankt-Peterburqda yaşayıb, Dövlət Ermitajında fəhlə kimi çalışıb.
Onun ilk rəngkarlıq əsəri 1967-ci ilə aid edilir. Cavad
Mircavadovun yaradıcılığı formaca müasirliyə, məzmunca milli
incəsənətin ənənələrinə əsaslanır. Rəssam 1992-ci il iyunun 24-də
Kopenhagen-Moskva qatarında vəfat edib. Fevralın 19-dək davam
edəcək sərgidə, həmçinin Azərbaycan Dövlət İncəsənət Muzeyindən
milli Azərbaycan xalçaları nümayiş etdirilir.