Azərbaycanda müəllim və tələbələr üçün yeni güzəşt müəyyənləşib

19 Fevral 2015 12:42 (UTC+04:00)

Azərbaycanda  dövlət qurumları tərəfindən haqq ödənilməklə göstərilən informasiya xidmətləri ilə əlaqədar ödəniş zamanı edilə biləcək güzəştin şərtləri dəyişdirilib. Movqe.az məlumatına görə, Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli qərarına əsasən təsdiqlənmiş  "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri"nə əsasən indiyə qədər elmi fəaliyyətlə məşğul olmaq üçün informasiya əldə edən şəxslərə və ali təhsil müəssisələrində  təhsil alan tələbələrə informasiya sahibi informasiyanın verilməsi ilə əlaqədar güzəştli şərtlər müəyyən edə bilərdi. İnformasiyanın verilməsi ilə əlaqədar ödəniş zamanı edilə biləcək güzəştin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməli idi. Nazirlər Kabineti  tərəfindən təsdiqlənən "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri"nin yeni redaksiyasına dövlət qurumları tərəfindən haqq ödənilməklə göstərilən informasiya xidmətləri zamanı güzəşt tətbiqi və bu güzəştin minimum həcmi qəti şərt olaraq müəyyənləşib və güzəşt tətbiq ediləcək şəxslərin kateqoriyası da genişləndirilib. Başqa sözlə, informasiyanın verilməsi ilə əlaqədar ödəniş zamanı edilən güzəştin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunsa da, bu zaman güzəştin həcmi informasiyanın hazırlanması və verilməsi üçün çəkilən xərclərin 50 faizindən az olmamalıdır. Eyni zamanda elmi fəaliyyətlə məşğul olan şəxslər və ali təhsil müəssisələrində  təhsil alan tələbələrlə bərabər, bundan sonra dövlət orqanları pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə də eyni qaydada informasiyanın verilməsi ilə əlaqədar ödəniş zamanı ödəniş tətbiq etməlidir. Qeyd edək ki,Nazirlər Kabinetinin 2012-ci ildə təsdiqlədiyi "Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin Siyahısı"na əsasən informasiya sahibi sorğuçuya artıq müvafiq informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa, sorğu edilən informasiya irihəcmli olduqda və ya sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaratdıqda və yaxud əsassız böyük məsrəflərə səbəb olduqda, sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün olmadıqda, sorğunun icrası informasiyanın sistemləşdirilməsi, təhlil edilməsi və ya sənədləşdirilməsi ilə əlaqədar xeyli vaxt tələb etdikdə, haqq ödənilməklə informasiya xidmətləri göstərir.