Hava şəraiti pisləşəcək

19 Fevral 2015 13:30 (UTC+04:00)

Azərbaycan sinoptikləri hava şəraitinin daha da kəskinləşəcəyi barədə xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Movqe.az-a bildirib ki, ilkin proqnoza əsasən, fevralın 20-də günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.


Fevralın 21-də küləyin güclü olacağı ehtimal olunur. Havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında belə hava şəraiti fevralıın 23-dək davam edəcək.


Fevralın 20-si qərb rayonlarından başlayaraq, 23-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Azərbaycanın rayonlarında güclü şimal-qərb küləyi əsəcək.


Fevralın 21 və 22-də Bakıda və Abşeron yarımadasında gündüz 0 dərəcəyə yaxın, gecə saatlarında 2 dərəcəyə kimi şaxta olacağı gözlənilir.


Rayonlarda yollar buz bağlayacaq.


Qeyd edək ki, dəqiqləşdirilmiş proqnoz bir daha ictimaiyyətə təqdim olunacaq.