Fond sədri vətəndaşları qəbul etdi
19 Fevral 2015 13:45 (UTC+04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bu gün
DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt
şəhərinin, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri olan
məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün
növbəti qəbul keçirib.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan Movqe.az-a verilən məlumata görə, DSMF-nin məsul
əməkdaşlarının, Sumqayıt şəhərinin, Abşeron, Xızı və Qubadlı rayon
şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 25-dək
vətəndaşın müraciətlərinə baxılıb. Müraciətlər əsasən sosial
sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının
müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması,
başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta
stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün
dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir
neçəsi məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Bundan
başqa müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid
olmayan məsələləri əhatə edib. Fond sədri bu tipli müraciətlərlə
qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün
köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara
ünvanlanacağını söyləyib.
Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və E.
Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon
şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə
konkret tapşırıqlar verib. DSMF-nin səlahiyyətlərinə aid olmayan
məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla,
aidiyyatı orqanlara müraciət edilməsi qərara alınıb.