Azərbaycan XİN məşhur rus biznesmeni bağışladı

19 Fevral 2015 14:15 (UTC+04:00)

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının "Dövlət Sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş "arzuolunmaz şəxslər" siyahısına daxil edilmiş Rusiya Federasiyasının vətəndaşı Artemi Lebedev adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasına yazılı şəkildə müraciət edib.


Movqe.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, məktubda Artemi Lebedev 2010-cu ilin iyul ayında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etdiyini və bu səfər ilə bağlı əvvəlcədən Azərbaycan Respublikasının aidiyyəti təşkilatlarından rəsmi icazənin alınmasına dair məlumatsız olduğunu qeyd edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmətini ifadə edib və işğal olunmuş ərazilərə səfərinə görə Azərbaycan xalqından üzr istəyib.


Artemi Lebedev gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini vurğulayaraq, adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib.


Artemi Lebedevin müraciəti müvafiq qaydada baxıldıqdan sonra onun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.