"Penitensiar xidmətin 103 əməkdaşı cəzalandırılıb"

4 Avqust 2012 20:08 (UTC+04:00)

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2012-ci ilin birinci yarım ili ərzində fəaliyyətinin yekunlarına həsr olunan əməliyyat şurası keçirib. Bu barədə Modern.az-a Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilib ki, şurada Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin və Təşkilat-nəzarət idarəsinin məsul əməkdaşları iştirak ediblər.

İclasda ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Penitensiar xidmətin 2012-ci ilin 6 ayı ərzindəki fəaliyyətindən danışıb və qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib, habelə mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilib.
Penitensiar xidmətin rəhbərliyi tərəfindən şəffaflığin artırılmasına xüsusi fikir verilib, vəzifədən sui-istifadə, korrupsiya halları ilə bağlı daxil olan ərizə və şikayətlər nəzarətə götürülüb və hərtərəfli araşdırılıb. "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlər Proqramı"nın icrası ilə əlaqədar tədbirlər davam etdirilir.
Penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 110 müxtəlif cinayətlərin üstü açılıb. Qadağan olunan əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Belə ki, 2012-ci ilin birinci yarım ili ərzində Penitensiar müəssisələrdə keçirilən əməliyyat-baxış tədbirləri nəticəsində 8730 manat pul, 39 litr spirtli içki, 101 mobil telefon, 197,3 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb.
Şurada hesabat dövrü ərzində Penitensiar xidmətin 103 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 9 əməkdaşın isə ədliyyə orqanlarından xaric edildiyi bildirilib. Ədliyyə Nazirinin və Penitensiar xidmət rəisinin müvafiq əmrləri ilə 9 və 17 saylı saylı cəzaçəkmə müəssisələrinin rəisləri tutduqları vəzifədən azad olunub, 14 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisinin isə səlahiyyətlərinə xitam verilib və o ədliyyə orqanlarından xarıc edilib.
Əməliyyat Şurasında məhkumların vaxtından əvvəl şərti azad olunmaları və məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilməsi praktikasının hazırkı vəziyyəti müzakirə edilib.
Əməliyyat Şurasına yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev vurğulayıb ki, 2012-ci ilin birinci yarım ili ərzində Penitensiar xidmət və onun tabe qurumları tərəfindən qarşıda duran vəzifələr əsasən yerinə yetirilib, müəyyən müsbət nəticələr əldə olunub. Bununla yanaşı fəaliyyətdə mövcud olan nöqsan və pozuntuların aradan qaldırılması, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.