"ABŞ Azərbaycanla bağlı ikiüzlü siyasət yürüdür" - Amerikalı ekspert
19 Fevral 2015 17:05 (UTC+04:00)
"ABŞ son illərdə dünya arenasında təkcə Azərbaycan deyil, həm də
bir çox başqa müttəfiqləri qarşısında öz nüfuzunu itirib".
Movqe.az xəbər verir ki, bu barədə "Trend"-ə "Tool Shed Group"un
rəhbəri və eksperti Ceyson Kats ABŞ mətbuatı və siyasi dairələri
tərəfindən Azərbaycana qarşı tənqidləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, əgər ABŞ əvvəllər özünün xarici, hərbi
siyasətində və diplomatiyasında müəyyən xətt götürüb bu yolla
irəliləyirdisə, son illər öz adət etdiyi siyasi kursdan xeyli geri
çəkilib: "Əvvəllər ABŞ-ın siyasətinin əsası dostları dəstəkləmək və
düşmənlərlə mübarizə aparmaqdan ibarət idi. İndi isə siyasi kursda
əhəmiyyətli dəyişikliklər müşahidə edirik. Xüsusilə, Azərbaycana və
İsrailə, eləcə də bəzi başqa ölkələrə münasibətdə".
Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətə toxunan ekspert qeyd
edib ki, ABŞ Azərbaycanla, onun beynəlxalq səviyyədə tanınmış
ərazisi, o cümlədən Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı aydın
olmayan, hətta ikiüzlü siyasət yürüdür: "Bir tərəfdən, ABŞ
administrasiyasının Azərbaycanın iqtisadi, təhlükəsizlik və
terrorizmlə mübarizə üzrə siyasətini ardıcıl dəstəklədiyini
müşahidə edirik, digər tərəfdən isə Ermənistanla münaqişənin
həllinə nail olmaqdan ötrü çox az iş gördüyünü görürük".
Amerikalı analitikin fikrincə, əgər ABŞ Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini daha fəal dəstəkləsəydi, 2008-ci ildə
Gürcüstandakı faciə və bu gün Ukraynadakı hadisələr baş verməzdi:
"BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə,
Ukraynada məcburi köçkünlərin sayı 1 milyona çatıb. Bu rəqəm
Azərbaycana tanışdır; hərçənd Azərbaycan əhalisinin ümumi sayı
fonunda 1 milyon Ukrayna əhalisinin sayı ilə müqayisədə xeyli
çoxdur. ABŞ-da belə bir məsəl var: əgər nəsə birinə uyğun gəlirsə,
deməli, başqasına da uyğun gəlməlidir. Beləliklə, əgər işğal və
ərazilərin zəbt edilməsi Ukraynaya aid olanda qanunsuzdursa, onda
həmin prinsip Azərbaycana və ermənilərin işğal etdikləri Dağlıq
Qarabağa da şamil edilməlidir. Və ABŞ da müvafiq şəkildə hərəkət
etməlidir, əks halda bu, ikili standartlar siyasətinə bənzəyir".