Təbii olmayan südlə bağlı həyəcan təbili çalınır

20 Fevral 2015 08:00 (UTC+04:00)

Aydın Əliyev: "Təbii olmayan südlər müxtəlif infeksion xəstəlikləri, qara ciyər patologiyaları törədə bilər"


Süd və süd məhsulları insanların geniş istifadə etdiyi qidalardandır. Amma indi əsas məsələ keyfiyyətli süddən istifadə olunması,, daha doğrusu, belə südün tapılmasıdır. Araşdırmalar göstərir ki, satışda heç də satılan südün hamısı təbii deyil.

Tibb elmləri doktoru Adil Qeybulla təbii olmayan bəzi paket südlərinin müxtəlif xəstəliklər yaratdığını bildirdi: "Paket südlər birbaşa quru süddən hazırlanıb. Quru südün genetik modifikasiya olunmuş olub-olmadığı haqda bir şey demək çətindir. Çünki, məlumatsızam. Amma quru südün içərisində konservatlar olur ki, keyfiyyətini tez itirməsin, uzun müddətə qalsın. İçərisində konservatlar olduğundan belə südlərdən istifadə etmək məqsədəuyğun sayılmır. Çünki tərkibinə qida əlavəsi olaraq vurulan həmin maddələr bədənə çökür və nəticədə komulyasiya edərək müxtəlif xəstəliklər törədə bilər. Həmin konservatların orqanizmə təsiri haqqında da dəqiq məlumat yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının "kodus amentarius" adlı qurumu var. Burada qidaların tərkibinə daxil edilən qida əlavələrin siyahısı var. Belədə bilmək lazımdır ki, paketli südə burada qeyd olunan qida əlavələri daxil edilir, yoxsa başqaları? Amma hesab edirəm ki, bu cür konserv olunmuş süd məhsulundan uzun müddət istifadə etmək lazım deyil".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu istiqamətdə istehlakçıların hüquqlarının qorunması üçün qida təhlükəsizliyi haqqında qanunun olmasını vacib bildi: "O südlər ki, uzun müddət yararlılıq müddəti var, onlara çoxlu kimyəvi maddələr qarışdırılır. Həmin kimyəvi maddələr isə malın ömrünü uzatdığı kimi, insanların ömrünü də qısaldır. Təəssüf olsun ki, "Yeyinti məhsulları Haqqında" qanuna zidd olaraq onların siyahısı yazılmır. Təbii olmayan paket südləri təcili zəhərlənmələrə, oynaq xəsütəliklərinə və s. səbəb olur. Belə hallara qarşı mübarizə aparmaq üçün ilk öncə "qida təhlükəsizliyi" ilə bağlı qanun olmalıdır. Amma bu qanun hələlik yoxdur. Həmçinin, burada dövlət orqanlarının koordinasiya olunmuş fəaliyyəti lazımdır. Bu da təəssüf ki, yoxdur. Habelə bu sahədə çalışan QHT-lər də prosesdə aktiv olmalıdırlar".

Tibb üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev qeyd etdi ki, ümumiyyətlə, xaricdən gələn və paketdə saxlanılan hər bir ərzağın prinsipcə əleyhinədir: "Amma məhsul yerlidirsə və o paketdə də satılsa, vaxtı keçməyib, düzgün sterilizə olunubsa, burada heç bir problem yoxdur. Texnoloji baxımdan düzgün hazırlanıbsa, bunun heç bir qorxusu yoxdur. Azərbaycanda süd məhsullarından çox az istifadə olunur. Qonşu Türkiyədə isə adambaşına 25 litrdən çox süd içirlər. Lakin xəstə maldan süd məhsulunu istehsal edib insanlara satmaqla təbii ki, müxtəlif xəstəliklərin yaranmasına rəvac verə bilərlər. Təbii olmayan südlər müxtəlif infeksion xəstəlikləri, qara ciyər patologiyaları törədə bilər".