Viktoriya Nuland ABŞ-ın Azərbaycan müxalifətiən hansı münasibət bəslədiyini aydın göstərdi

20 Fevral 2015 08:30 (UTC+04:00)

ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Azərbaycana səfəri çərçivəsində onun müxalifətlə görüşlər keçirəcəyi, bu cəbhədə yer alanlara xüsusi diqqət ayıracağına dair elə müxalif düşərgədə böyük gözləntilər var idi. Amma Viktoriya Nuland müxalifətin gözləntilərini doğrultmadı, radikal müxaliftlə ABŞ administarsiyasının təmas qurmaqda maraqlı olmadığını aydın şəkildə nümayiş etdirdi. Burada o, yalnız jurnalist Elçin Şıxlı, Marşal Fondunun təmsilçisi Mehriban Rəhimli və NİDA Hərəkatından Turqut Qəmbərlə cəmi 20 dəqiqəliyə görüşməsyi yetərli saydı. AXCP, KXCP, Müsavat Partiyası və digər radikal qüvvələrin rəhbərliyi ilə hansısa təmasa isə birmənalı şəkildə lüzum görmədi. Bununla, o, ABŞ hökumətinin müxalifətə hansı prizmadan yanaşdığını da göstərmiş oldu. O da bəlli oldu ki, ABŞ Azərbaycanda məhz mövcud hakimiyyətlə işbirliyinin davam etdirilməsində xüsusi maraqlı tərəf kimi çıxış edir.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirdi ki, xaricdən gələn dövlət və hökumət nümayəndələrinin müxalifəti yaxına belə buraxmamaları tam məntiqlidir: "Beynəlxalq təşkilatlar, dövlətlər, onların nümayəndələri də Azərbaycan siyasəti haqqında geniş məlumatlara malikdirlər. Onlar dəqiq bilir ki, Azərbaycan siyasətində resurs, kontingent, ideoloji xətt olaraq hakimiyyətdə olanlar, yoxsa müxalifər güclüdür. Azərbaycan müxalifəti artıq elə bir duruma gəlib ki, onların özü belə öz gücsüzlüklərini dolayı vasitələrlə olsa da, etiraf edirlər.

Xarici dövlət nümayəndələrinin, xüsusən də son olaraq ABŞ dövlət katibi müavininin Azərbaycana səfəri bir daha onu sübut edir ki, ölkə müxalifəti təkcə yerli vətəndaşlar tərəfindən deyil, ümumiyyətlə, dünya tərəfindən qəbul olunmur. Onlar öz aləmlərində Azərbaycanın Rusiya ilə yaxınlaşdığını təsəvvür edir, Amerika ilə münasibət qururdular. Ələlxüsus da söhbət AXCP-dən gedir. Sonuc isə o oldu ki, dövlət katibinin müavini müxalifət rəhbərlərilə 5 dəqiqəlik görüşü belə özü üçün məqbul hesab etmədi. Bütün, əsasən də yüksək ranqlı dövlət nümayəndələri hansısa bir dövlətə səfər edərkən protokol öncədən müəyyən olunur, görüşlər öncədən nəzərdə tutulur. Protokol təsadüfən müəyyən olunmur. Protokol müəyyən olunanda onları kimlə görüşmək lazım gəldiyi, kimlə görüşməyin daha məqbul olduğunu barədə məlumatlandırırlar. Belədə, Azərbaycan müxalifətinin gücünə baxıb, deyirlər ki, onlarla vaxt itirməyinə dəyməz. Seçki ərəfəsi Azərbaycanın mövcud iqtidarının bu qədər güclü olması və diqqət cəlb etməsi, müxalifətin isə zəifliyi əslində, tam məntiqlidir. Bu prosesi Azərbaycan xalqının iradəsi ilə bağlayıram, bu da həmin iradədən doğan məsələdir".

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun fikrincə, xarici rəsmilər qiymətli vaxtlarını zəif müxalifətə həsr etməyə lüzum görmədiklərindən onlarla görüşməyi yaxına belə buraxmırlar: "Həqiqətən də Azərbaycana gələn xarici rəsmilər müxalifətlə görüşmür. Bunun da müəyyən səbəbləri var. Adətən xaricdən gələn rəsmilərin başqa ölkələrdə müxalifətlə görüşləri həmin qüvvələrin müəyyən gücə malik olduqları fonunda baş tutur. Yəni, xarici yüksək ranqlı rəsmilər də zəif müxalifətlə deyil, güclü müxalifətlə görüşməyə üstünlük verirlər. Çünki, bilirlər ki, zəif, proseslərə təsir etmək gücünə sahib olmayan müxalifətlə görüşlər qiymətli vaxtlarını mənasız məsələlərə sərf etmək kimi bir şeydir. Azərbaycan müxalifəti isə həddən çox zəifdir. Onlar hazırda birləşmiş halda belə tədbirlərə az miqdarda insan çıxara bilirlər. Qüvvələri də anbaan tükənir. Ona görə də, xarici rəsmilər Azərbaycan müxalifətini yaxına belə buraxmırlar".