Məktəblərin əliyalın qadın mühafizəçiləri

20 Fevral 2015 09:00 (UTC+04:00)

Respublikanın ümumtəhsil müəssisələrinin mühafizə məsələsi valideynləri narahat edən problem olaraq qalmaqdadır. Təkcə məktəb paytaxtlarında müşahidə aparmaq kifayətdir ki, ümumtəhsil müəssisələrinin mühafizə səviyyəsinin qənaətbəxş olmadığı üzə çıxsın. Bakıdakı bir çox orta məktəblərin giriş qapılarında əliyalın yaşlı qadınların mühafizəçi kimi dayanmasının yetərli olmadığı illərdir ki, müzakirə mövzusu olsa da, Bakı məktəblərində hələ ki mühafizəçi ştatı ayrılmır.

Bu gün paytaxtın bir neçə lisey və gimnaziyası istisna olmaqla, yerdə qalan məktəblərdə mühafizəsi yaşlılara həvalə olunub. Paytaxtdakı məktəblərin birində mühafizəçi işləyən yaşlı xanım da bizimlə söhbətində yaşlıların məktəbi mühafizə etmək kimi məsuliyyətli işi üzərlərinə götürsələr də, bunun onların işi olmadığını etiraf edir: "Bizim məktəbdə mühafizəçi ştatı yoxdur. Ona görə də, bizi qoyurlar qapıda nəzarətçi. Biz də ancaq məktəbə kənar adamların girib-çıxmasına nəzarət edirik. Amma bu gün bir cavan oğlan əlində silahsız belə gəlib içəri keçsə, ona heç cür müqavimət göstərə bilmərik. Çünki, biz qadın xeylağı, o da cavan adam. Təbii ki, gücümüz çatmaz. Amma yenə də məktəbdə giriş-çıxışa nəzarət edirik. İmkan vermirik ki, valideynlər uşaqları ilə birlikdə içəri doluşsunlar. Biz burda dayanmasaq, məktəbin əvvəlki məzunları da inanın ki, bütün günü burdan əl çəkməz. Bir də görürürsən alverçilər də, əlində qatıq, yumurta məktəbə gəlirlər. Başa sala bilmirik ki, bura məktəbdir, bazar yox".

Həmsöhbətim şübhələndikləri adamı məktəbdə direktorun yanına belə buraxmadıqlarını söyləyir: "Əgər tanımırıqsa, katibə gələnədək qapıda saxlayırıq. Məktəbdə nizam-intizamı pozmaq üçün bir də görürsən ki, məktəbi yarımçıq atanlar da gəlir. Onları qapıdan içəri buraxmırıq. İndi siz düşünün, biz burda əliyalın da olsa dayanmasaq, məktəbdə vəziyyət necə olar?".

Mühafizəçi xanım yaşlı qadınların məktəblərdə qapıda növbə çəkməsinin az da olsa, köməyi olduğunu desə də, valideynlər mühafizənin gücləndirilməli olduğunu söyləyirlər. Valideyn Şəfəq Kərimova deyir ki, məktəblərə bəzən əlində siqaret satan insanlar da gəlir: "Belələri səyyar şəkildə məktəblərin kənarında dolaşır, siqaret satırlar. Əgər mühafizəçilər kişi olarsa, təbii ki, onlar məktəblərin həndəvərində belə dolaşa bilməzlər. Amma mühafizəçilər, nəzarətçilər qadın olduqlarından, qorxub çəkinmirlər. Bu gün uşağa siqaret təklif edirlərsə, sabah narkotik belə sata bilərlər. Ona görə də, məktəblərdə mühafizə nəinki məktəblərin giriş qapısında, həyətində belə təmin olunmalıdır".

Bakı məktəblərində apardığımız müşahidələr isə göstərdi ki, məktəblərin həyətində demək olar ki, nəzarət aparılmır. Mühafizəçilər olmadığından, istənilən şəxs məktəbin həyətinə daxil ola, burada tənəffüsə çıxan uşaqlarla ünsiyyət qura bilər.

Ekspertlər isə bunun təhlükəli olduğunu, xüsusilə orta məktəblərdə mühafizənin ən azı mühafizə xidməti səviyyəsində təmin olunmalı olduğunu söyləyir. Keçmiş polis zabiti Şəmsəddin Əliyevin sözlərinə görə, hər şeydən əvvəl normal, terrorsuz cəmiyyət qurmağa çalışmaq lazımdır. Bununla belə, ekspert Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi arasında müqavilə bağlanmasının zəruri olduğunu qeyd etdi: "Düşünürəm ki, bu, ən azı cəmiyyətdəki xofu aradan qaldırmaq üçün vacibdir. Azərbaycan tranzit ölkədir və Dövlət Neft Akademiyasında baş verən hadisə göstərdi ki, mühafizə güclnədirilməlidir. Yəni, mühafizə tədbirlərinə ehtiyac var. Təhsil Nazirliyinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb, həmin vəsaitdən istifadə etməklə məktəblərdə mühafizə xidmətini təşkil etmək tamamilə mümkündür. Bu, indiki məqamda çox vacibdir. Fikir verirsinizsə, supermarketlərdə, 5-10 nəfər işçisi olan şirkətlərdə mühafizə sistemi qurulub. Bəs niyə Azərbaycanın gələcəyini yetişdirən təhsil ocaqlarında bu mümkün olmasın?"

Təhsil Nazirliyindən isə bildirdilər ki, bu məsələ ilə əlaqədar Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb: "Eyni zamanda bildiririk ki, bir çox ümumi təhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunurlar".