Baş pediatr: "Azərbaycanda piylənmədən əziyyət çəkən uşaqların sayı artır"

20 Fevral 2015 09:16 (UTC+04:00)

Bütün dünyada olduğu kimi, artıq Azərbaycanda da, piylənmə aktual problemə çevrilməkdədir. Məlumatlara görə, Azərbaycanda əhalinin 30 faizindən çoxu piylənmədən əziyyət çəkir. Ölkədə əhali arasında artıq çəkidən azad olmaq üçün dietoloqlara müraciət edənlərin, günün müəyyən vaxtını idmana ayıranların, dieta ilə yeyib-içənlərin sayının artması da qeyd edilənlərin təsdiqi sayıla bilər.

Mütəxəssislər Azərbaycanda, xüsusilə şəhər yerlərində əhali arasında piylənmənin aktuallaşmasını ölkə əhalisinin həyat tərzini dəyişməsi ilə əlaqələndirirlər. Dietoloq Nərgiz Kərimova deyir ki, bütün dünyada olduğu kimi, piylənmə problemi Azərbaycanda da insanların həyat tərzini dəyişərək hərəkətsizliyə az meyilliyi ilə əlaqələndirilir: "Bu gün insanlar demək olar ki, həyatlarının bütün sahələrində tərz dəyişikliyi ediblər. Əvvəllər əlində paltar yuyan qadının bu işini artıq paltaryuyan maşın edir. Qabları maşın yuyur, əti maşın çəkir, evi tozsovuran təmizləyir. Hətta əvvəl durub televizorda kanalı dəyişirdiksə, artıq bunu da əyləşdiyimiz yerdən idarə edirik. İnsanlar 20 il əvvəl çox şeyi özləri hazırlayırdılarsa, indi hazır məhsulları almağa üstünlük verirlər. Bu gün müşahidə aparsanız, görərsiniz ki, qadınlar artıq yarımfabrikatlara üstünlük verir, özlərini əziyyətə salıb yuxa açıb yemək hazırlamır, ətin çəkilmişini hazır alır. Bəziləri isə yeməyi ümumiyyətlə, hazırlamağa tənbəllik edib restoranda yeməyə üstünlük verir. Əvvəllər valideynlər uşağı baxçaya, məktəbə yeriyərək aparırdılarsa, indi iki addımlıq yolu belə avtomobillə, avtobusla gedirlər. Ölkədə avtomobilin sayının artması da göstərir ki, insanlar rahat həyat şəraitinə meyilləniblər. Mağazaya çörək almağa belə avtomobillə getməyə üstünlük verirlər. Bütün bunların nəticəsində qazanılmış enerji sərf olunmadan qalaraq özünə orqanizmdə baza yaradır. Bu cür həyat tərzini davam edən insan özü də fərqinə varmadan 10-15 ilə artıq çəki problemi ilə üzləşir".

Dietoloq piylənmədə ikinci faktorun qidalanma ilə bağlı olduğunu söyləyir. Onun sözlərinə görə, insanların çoxu qızardılmış, fast-fud yeməklərə, qazlı içkilərə çox üstünlük verirlər: "Elə insan var ki, səhər, günorta, axşam bu cür qidalanır. Qida rasionuna demək olar ki, tez həzm olunan süd, qatıq, meyvə-tərəvəz məhsulları əlavə etmir. Bu sağlam qidalanmamaq nəticəsində orqanizmdə piy təbəqəsi yaranır. Üstəlik hərəkətsizlik insanın sonucda piylənmədən əziyyət çəkməsinə gətirib çıxarır".

Ölkənin baş pediatrı Nəsib Quliyev isə artıq piylənmənin uşaqlar arasında bir bəlaya çevrildiyini söyləyir. Onun sözlərinə görə, son dövrlər Azərbaycanda da uşaqlar arasında piylənmədən əziyyət çəkən uşaqların sayı artır: "Bəzən bunun baiskarı elə valideynlər özləri olurlar. Ana südü əmməli olan uşağa tərkibi inək südündən ibarət olan uşaq yeməkləri verirlər. Özünüz fikirləşin, inəyin genetik koduna görə, inəyin balası iki ilə onun öz çəkisinə gəlib çatır. Bu kodu insana şamil etməklə təbii ki, inək südündən hazırlanan yeməyi yeyən uşaqda piylənməyə meyillik yaranacaqdır. Bəzi valideynlər bunu uşağın gümrahlığı kimi qəbul edib sevinirlər. Amma böyük səhv edirlər, çünki, uşaqda çəki artımı normal, təbii yolla baş verməyib".

N. Quliyev uşaqlar arasında artıq çəkinin olmasına həyat tərzinin dəyişməsinin də təsir etdiyini söyləyir: "Bizim əcdadlarımız daim hərəkətdə olub, qidanı belə özü üçün əldə edib hazırlayaraq istifadə edib. Bu gün böyüklü-kiçikli hamı qidanı hazır əldə etməyə üstünlük verir. Hazır qidalar isə piylənməyə yol açır. Uşaqların qidasına diqqətlə yanaşılmalıdır, onları, süd, qatıq, meyvə, tərəvəzlə qidalanmasına diqqət yetirmək lazımdır. Əgər bu gün uşağımızı əlimizlə fast-fud satılan restoranlara aparıb onlara bu qidanın üstündən də qazlı şirin içki alıb veririksə, deməli, özümüz öz əlimizlə uşağımızı bəlaya sürükləyirik. Bu gün valideynlərin çoxu uşağa hərəkət etməyə şərait yaratmır. Uşağı sakit, yerində oturmağa alışdırır. Amma uşaq daim hərəkətdə olmalı, yediyi enerjini sərf etməlidir ki, sağlam olsun. Hərəkətsizlik nəticəsində sərf olunmamış enerji uşağın bədənində depolaşır. Qlikogen əzələ və toxumalarda toplanır. Belə uşaqlara paraprofiyalı uşaqlar deyirlər".

N. Quliyev bu gün anadan piylənmə xəstəliyi ilə doğulan, endekrim pozğunluğu olan uşaqların da olduğunu, amma əksəriyyətində piylənmənin sonradan hərəkətsiz həyat tərzi,səhv qidalanma nəticəsində baş verdiyini bildirir. Baş pediatr valideynləri piylənmədən uzaq tutmağın yolunun dinamik həyat tərzindən, düzgün qidalanmaqdan keçdiyini bildirir: "Uşağı məktəbə avtomobillə aparıb, avtomobillə gətirib sonrada onu evdə hərəkətsiz saxlamaq düzgün deyil. Uşaq günün müəyyən saatlarında oynamalı, fiziki hərəkətdə olmalı, idman etməlidir k, sağlam böyüsün. Biz bu gün uşağa etmək istədiyi fiziki hərəkətin çoxuna qadağa qoyuruqsa, özümüz onları oturaq, hərəkətsiz həyata alışdırırıq deməkdir. Bu isə uşağımızı piylənməyə aparan yol deməkdir".