Bakıda məşhur gimnaziya ləğv olunur-Özəl

20 Fevral 2015 10:44 (UTC+04:00)

S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında ibtidai siniflər ləğv olunur. Bu barədə Movqe.az-a bu gimnaziyada övladları təhsil alan valideynlər məlumat verib. Valideynlər bildirib ki, ibtidai siniflər ləğv olunsa onlar üçün çətinlik yaranacaq. Çünki, bu məktəbdə dərsdən əlavə hazırlıq da olduğundan uşaqlar saat 17:00-a kimi məktəbdə olurlar. İşləyən valideynlər bunun onlar üçün əlverişli olduğunu, ibtidai siniiflər ləğv olunarsa, işlərinin çətinləşəcəyini söyləyiblər: . Movqe.az məsələni araşdırmaq üçün  S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyası ilə əlaqə saxlayıb. Gimnaziyanın tədris işləri üzrə müdiri Afaq Poladzadə Movqe.az-a açıqlamasında bildirib ki, valideynlər arasında bu məsələ bir qədər səhv analşılıb: "Bəli deyilənlər doğrudur ki, bizim gimnaziyada ibtidai siniflər ləğv olunacaq. Amma bu hazırda ibtidai siniflərdə təhsil alan uşaqlara şamil edilmir. Bu proses tədricən olacaq. Gələn ildən 1-ci sinfə gimnaziyada qəbul olmayacaq. 3 ilə ibtidai siniflər tamamilə yığışdırılacaq. Buna səbəb gimnaziyanın xüsusi istedadlı uşaqlar üçün məktəbə çevrilməsidir. İndiyədək humanitar fənlər üzrə idisə, gələn ildən qəbul 5-ci sinifdən xüsusi istedadlı uşaqlar üçün aparılacaq. Bu xəbəri ötən həftənin 5-ci günü bizə veriblər. Bu Təhsil Nazirliyinin qərarıdır".

A. Pozadzadə dəyişikliyin müəllimlərə də təsirsiz ötüşməyəcəyini deyib: "İbtidai sinifdə 4 kurs olduğundan, 16 müəllim işləyir. Gimnaziya saat 17:00-a kimi olduğundan 16 da tərbiyəçi müəllim çalışır. Əsas sinif müəllimləri yerləşdirilsə də, tərbiyəçi müəllimlərin taleyi  naməlumdur. Onlar özləri də işsiz qalacaqlarından çox narahatdırlar. Ümid edirik ki, Təhsil Nazirliyi onları da nəzərə alacaq. Çünki, onların çoxu ailə başçısı, ailənin yeganə işləyən üzvüdür".