Azərbaycan hərb arsenalını daha güclü hala gətirir

21 Fevral 2015 08:35 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən hələ də istənilən nəticəni vermir. Danışıqlarda hansısa dəyişiklik olmayacağı təqdirdə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hərb yolundan istifadə etmək məcburiyyətində qalacağına dair artıq dəfələrlə xəbərdarlıq edilib. Bütün bunlar o deməkdir ki, Qarabağ münaqişəsinin hərbi müstəvidə həllinə start verilsə, buna görə. Məsuliyyət daşıyan əsas tərəf Ermənistan olacaq. Çünki məhz Ermənistan işğal olunmuş ərazilərdən silahlı qüvvələrini çıxarmır.

Hərbi müstəvidə Azərbaycanla Ermənistanın müqayisəsi fərq nisbətinin kifayət qədər böyükdür, qısa zaman kəsiyində ordumuzun bütün erməni silahlı qüvvələrini məhv etmək iqtidarında olmasını isə bütün dünya, o cümlədən düşmən tərəf özü də yaxşı bilir. Bu mənada Ermənistan bütün ağalarına, hamilərinə, vasitəçi ölkələrə Azərbaycanın hərb yoluna əl atmasının qarşısını almaları üçün yalvarmaqla məşğuldur. Lakin rəsmi Bakı bildirir ki, ərazi bütövlüyünü bərpa etmək üçün lazım gələrsə, güc yolundan istifadə hüququndan istənilən an istifadə etməyə hazırdır. Qeyd olunduğu kimi, bu vəziyyətdə Ermənistan silahlı qüvvələrinin az müddətdə darmadağın edilməsi də qaçılmaz olacaq.

Hazırda döyüş qabiliyyəti, malik olduğu hərbi texnika baxımından Azərbaycan Ordusu reggionun lideri olmaqla yanaşı, MDB və Şərqi Avropa məkanında ən güclü silahlı qüvvələr arasında yer alır. Ordunun döyüş qabiliyyətinin artırılması üçün görülən işlər davam etdirilir. Bu arada Rusiyanın müdafiə sənaye kompleksindəki mənbələrə istinadən "Vedomosti" nəşri bel əbir məlumat da yayıb ki, Rusiya Azərbaycana satdığı 100 ədəd T-90S tipli döyüş tankının ixracını ötən il başa çatdırıb. Yəni, artıq Azərbaycan Ordusunun ixtiyarında belə tanklar mövcuddur və onlar hərb baxımından ordumuzun düşmən üzərində üstünlüyünü daha da artırır. Məlumat üçün bildirək ki, bu seriyadan olan tanklar T-72-ləri əvəz etmək üçün istehsal olunub. Hazırda Azərbaycan Ordusunun istifadə etdiyi ən müasir tanklardan biri kimi T-90S-lər dünya kifayət qədər güclü silahlardan sayılır. Onlar T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunub. Bu tanklar T-80 tankından alınan 1G46 Nişangah Termal kamera Kontakt-5 partlayıcı həssas zireh və daha güclü mühərrikə sahibdirlər. Sözügedən tanklar Rusiyanın "Uralvaqonzavod" Elmi İstehsalat Müəssisəsi tərəfindən istehsal edilir. Bu tanklarının məxsus olduğu Tank Əleyhinə İdarə olunan Raket (TƏİR) kompleksi 5 kilometr uzaqlıqda olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanı verir. T-90S-in malik olduğu avromatik dolub-boşalan 2A46M-5 topu TƏİR raketlərindən başqa zirehdeşən, beton istehkamları dağıdan və sair xüsusiyyətə malik müasir mərmilər ata bilir. Gecə-gündüz görmə imkanına malik optik lazer-nişangah tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Tank üzərində quraşdırılan "Kord" pulemyotu isə hava hədəflərinin məhv edilməsində kifayət qədər ciddi silahdır. Sirr deyil ki, Ermənistan Rusiyanın bu tankları Azərbaycana satmasından çox narahatdır və bunu Moskvanın da diqqətinə çatdırıb.

Onu da bildirək ki, son 10 il ərzində əldə edilmiş silah-sursat və hərbi texnika hərbi sahədə Ermənistan və Azərbaycan arasındakı pariteti əhəmiyyətli dərəcədə ölkəmizin lehinə dəyişib. Eyni zamanda, Azərbaycanda hərbi sənaye kompleksinə aid onlarla müəssisə üstünlüyümüzü daha da artırır. Eyni zamanda ordumuzun əvvəldən ixtyarında olan zirehli texnika və aviasiya vasitələrinin, eləcə də döyüş imkanına malik digər texnikanın keyfiyyət baxımından əsaslı təmiri və modernləşdirilməsi işləri uğurla yerinə yetirir, müəyyən olunmuş inkişaf proqramı üzrə fəaliyyət göstərilir.

Yuxarıda barəsində söhbət açılan T-90S tanklarından əlavə son illərdə ordumuzun ixtiyarına ən müasir "Smerç" yaylım atəşi reaktiv sistemləri, "Toçka-U" taktiki raket kompleksləri, "BUK-1MB" zenit-raket kompleksləri, "TOS-1A" ağır odatan sistemləri, "MSTA-S" özüyeriyən artilleriya haubitsaları, özüyeriyən "Pion" topları, o cümlədən ölkəmizdə istehsal olunan "Şahin" və "Qaranquş" pilotsuz uçuş aparatları verilib Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin adı dünya üzrə güclü, müasir standartlar çərçivəsində yenidən qurulan və təchiz edilən ordular sırasında çəkilir. Bu vəziyyət isə Ermənistanı getdikcə daha çox qorxuya salmaqdadır.