Dünya Dağlıq Qarabağ münaqişəsinin daha böyük fəsadları ilə üzləşir

21 Fevral 2015 09:39 (UTC+04:00)

"Regionda baş verən geosiyasi hadisələri nəzərə alsaq, hazırda Qərbin diqqətini Dağlıq Qarabağ probleminə yönəltməyin əsl vaxtıdır". Bu sözləri Böyük Britaniyanın Transatlantik İnstitutunun direktoru Ziba Norman deyib: "Dağlıq Qarabağ münaqişəsinin həllində yubanmalara yer yoxdur. Qoşunların təmas xəttindəki gərginliyi və Rusiyanın geosiyasi manevrlər etməsini nəzərə alsaq, hazırda bu istiqamətdə addımlar atmaq üçün mühüm məqamdır. Regionda zorakılıq birmənalı olaraq Qərbin maraqlarına uyğun deyil. Qərb isə hazırda ərazi bütövlüyü məsələsində Ukraynanı tam dəstəkləməklə və bu məsələdə Azərbaycana lazımi dəstək verməməklə həqiqətən də ikili standartlar tətbiq edir".

Ziba Normananın sözləri ilə həmfikir olan siyasilər də vurğulayırlar ki, Qarabağ düyünün həll edilməməsi, Qərbin vaxtında problemə ədalətlə yanaşmaması regionda digər münaqişələrin yaranmasına səbəb olub. 25 il əvvəl cavablarını almayan separtçılar Moldovada, Gürcüstanda, bu gün də Ukrayna torpaqlarında oxşar əməllər həyata keçirir.

Millət vəkili Zahid Oruc bununla bağlı bildirdi ki, faktiki olaraq, Qarabağ münaqişəsi SSRİ-nin dağılmasında müəyyən rol oynadı: "Bütün sosialist düşərgəsi ölkələrində baş verən inqilabi proseslərə, hakimiyyət dəyişiklərinə, sovetizmin, Kommunist Partiya sisteminin çöküşünə baxmayaraq, ən azından SSRİ-ni qoruyub saxlamaq mümkün idi. Burada milli-etnik zəmində münaqişələr baş verməsə idi, indi bu regionu Çin modelində hər hansısa bir şəkildə qoruyub saxlayırdılar. Amma vaxtı ilə Nikolay Çauşeskinin dediyi kimi, "bu lənətə gəlmiş Qarabağ münaqişəsi" onlara imkan vermədi. İndi üstündən 25 il keçir və bir çoxları bunu yaxşı dərk edir ki, Dnestryanıda, sonradan Abxaziyadakı məlum toqquşmalar, indi də Ukraynadakı böhran həm də Qarabağ münaqişəsinin törəməsidir. Vaxtı ilə bu problemə münasibət göstərilsə və real hüquq sistemi işləsə idi, hər hansısa başqa dövlət məlum beynəlxlq hüququn olmamasından faydalanmazdı. Cənab Prezident İlham Əliyev Münhendə keçirilən təhlükəsizlik konfransında Ukraynanı bir güzgü adlandırdı ki, burada bütün maraqları, beynəlxalq niyyətləri, münaqişələrdə real vəziyyəti və s. görmək mümkündür. Amma eləcə o fikir də doğrudur ki, Qarabağ probleminin özü də bir güzgüdür. Bu məsələnin gedişinə baxıb ən azından başqa dövlətlər nələri etmək lazım olmadığını başa düşməli idi. Ukrayna üçün burada o qədər çıxarılacaq nümunələr var idi ki! Təəssüf ki, prezident Pyotr Poroşenko hakimiyyəti o zaman bizim regionda, indi də Ukraynada baş verən beynəlxalq maraqların girovunda qaldı. Proseslər də bu istiqamətdə davam edir. Ona görə də beynəlxalq ekspertlər hadisələrin bir məntiqdə, bir zəncirdə birləşdiyini görürlər. Münaqişərlər bir-biri ilə bağlıdır. Belə olan təqdirdə bu məsələlər istiqamətində addımlar atılmasa, regional konfliktlər beynəlxalq təhlükəsizliyə çox böyük zərbə olacaq".

Millət vəkili qeyd etdi ki, indi Azərbaycanda siyasi aləmdə olan insanların ən çox diksindiyi ifadə "ikili standandart"dır: "Halbuki, biz nəzərə almalıyıq ki, bu, elə siyasi kursdur. Bu, dövlətərin maraqlarını həyata keçirilməsi üçün tanınan bir qaydadır. İkili standartdar ölkələrin maraqlarının həyata keçirilməsinin ən yaxşı alətidir. Faktiki olaraq, bundan kənarda – bir standart üzərində öz mənafelərini həyata keçirtmək çox çətin olardı. Təsəvvür edək ki, Qarabağ münaqişəsi yox idi. Belə olanda digər problemlər meydana çıxmayacaqdı. Burada həmin ökələrin iqtisadi, siyasi imkanlardan bəhrələnmələri mümkün olmayacaqdı. O bölgədə neft kontraktlarında istənilən şərti götürməsi çətin olacaqdı. Ümumiyyətlə, bölgəyə gəliş qeyri-mümkün olacaqdı. Həmçinin, burada silah partiyası, müxtəlif resusrların satqısı və sairlər baş verməyəcəkdi.

İkili standart kimə lazımdır ki?! Təcrübə göstərir ki, güc əldə edən ölkə özündən zəifə qarşı o standartı tətbiq etməlidir. Bu, artıq real qaydadır. Bundan kənarda siyasət olmur. Siyasəti birüzlü qəbul etmək çox çətindir. Biz hər bir hadisəni müqayisə ilə dərk etməyi öyrənmişik. Siyasət zər kimidir. Onun ən azı 6 üzü var".