Kredit faizlərinin aşağı salınması düyünə düşüb

21 Fevral 2015 11:05 (UTC+04:00)

Bank sektorunda kreditlərin faiz dərəcələrinin aşağı salınmasının zəruriliyi hətta Mərkəzi bank tərəfindən də gündəmə gətrilməsinə baxmayaraq, bu istiqamətdə hələlik heç bir yenilik yoxdur.

İqtisadçı ekspert Oqtay Haqverdiyev hesab edir ki, faizlərin yüksək olmasına ilk səbəb bank sektorunda rəqabətli mühitin hələ də zəif olmasıdır: "Əgər biz bank sektorunda güclü azad rəqabəti təşkil edə bilsək, bazarda kreditlərin faiz dərəcələri aşağı düşər. Bunun üçün ölkədə bankların sayının artırılmasına ehtiyac var. Azərbaycanda bankların sayının azlığı nəticə etibarı ilə həmin bank qurumlarının faiz dərəcələri müştəriləri istismar etməsi deməkdir. Mərkəzi Bank bu prosesə müdaxilə edə bilmir. Müdaxilə ancaq uçot dərəcələrinin aşağı salınması ilə bağlıdır. Əslində, bizdə uçot dərəcələri yüksək deyil. Deməli, problem bank sektorunda tətbiq olunan oyun qaydalarındadır. Problemin həll olunması üçün yalnız çıxış yolu rəqabət mühitinin yaxşılaşdırılmasıdır. Digər tərəfdən faizlərin yüksək olması mövcud bankların bir-biriləri ilə razılaşmasından irəli gələn problemdir. Sanki kommersiya banklarımız monoplist qurumlar olaraq fəaliyyət göstərirlər. Onların belə birləşməsi istehlakçıların kreditə çıxış imkanlarını çətinləşdirir. Vaxtı ilə Azərbaycanda uçot dərəcələri hətta 15% olub Amma hazırda uçot dərəcələri 3 dəfədən çox aşağı düşüb. Uçot dərəcələri aşağıdırsa və banklar kreditləri yüksək daiz dərəcəsi ilə verirsə, deməli, problem uçot dərəcəsinin həddində deyil. Bank sektorundakı mövcud problemlərdir. Onlar istədikləri faizləri vətəndaşlara diktə edə bilirlər. Eyni zamanda nizamnamə kapitalının yüksək səviyyəyə qaldırılması Azərbaycanda kapitallaşma səviyyəsi aşağı olan bankların rəqabət qabiliyyətini çətinləşdirdi. Bu, kredit faizlərinin daha da yüksəlməsinə gətirib çıxara bilər. Əslində, rəqabət mühitinin yaradılması üçün, etibarlı bankların sayı, eyni zamanda Mərkəzi Bankın funksionallığı artırılmalıdır. Yəni, kredit resurslarına çıxış imkanları asanlaşdırılmalıdır. Normal bazar münasibətlərində Mərkəzi Bank uçot dərəcələrini dəyişməklə kredit faizlərini tənzimləyir. Lakin postsovet ölkələrində bank-maliyyə sektoru Qərbdəki qədər inkişaf etməyib. Bununla bağlı olaraq bizdə rəqabət mühiti güclü deyil. Rəqabət zəif olanda normal bazar şəraitində faizlərin aşağı enməsi gözlənilən deyil. Bu sahədə xarici kapitala sahib olan bankların fəaliyyətinə geniş şərait yaradılmalıdır. Eyni zamanda bankların kredit portfelində Mərkəzi Bankın vəsaitləri azdır. Ancaq bankların kredit portfelində Mərkəzi Bank əsas partnyor olarsa və inflyasiyanı nəzərə alsaq, ölkəmizdə kredit faizlərini təxminən 12-13%-ə qədər azalda bilərik".

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Ayaz Quliyev "Mövqe"yə açıqlamasında bildirdi ki, bank sektoru hələ yeni formalaşır: "Kredit faizlərini aşağı salınması üçün ucuz maliyyə mənbələrindən istifadə genişlənməlidir. Bu, beynəlxlq maliyyə institutları ilə yaxından əməkdaşlıq tələb edir. İkincisi, Mərkəzi Bank tərəfindən kommersiya banklarında faizin formalaşması üzrə monitorinq aparılmalı və özəl bank sektorunda baş bank maliyyələşdirmə payını artırmalıdır. Həmçinin, alternativ maliyyə mənbələrinin fəaliyyəti genişləndirilməlidir. Eyni zamanda bütün maliyyə mənbələrinin bazara girişi asanlaşdırılmalıdır. Vergi kapitalı, şərikli maliyyələşmə, səhm bazarının inkişafı həyata keçirilməlidir. Ən əsası isə faizsiz kreditin fəaliyyətinə şərait yaradılmalıdır. Maliyyə bazarında maliyyə resurslarının bolluğu, onun çeşidlərinin müxtəlifliyi faiz dərəcələrinin aşağı düşməsinə təsir edən amillərdəndir. Həmçinin, maliyyə bazarı liberallaşdırılmalı, dünyanın iri bankları ölkə bazarlarına buraxılmalıdır. Rəqabət mühiti kəskinləşdirilməlidir ki, Azərbaycan bankları məcburən öz faiz dərəcələrini aşağı salsınlar. Çünki, bu gün Azərbaycan banklarının ən çox əziyyət çəkdiyi məsələ xarici maliyyə bazarına birbaşa çıxış əldə edə bilməməlidir. Əksər banklarımız xarici maliyyəni vasitəçilər yolu ilə əldə edirlər. Bu isə maliyyənin daha da bahalaşmasına səbəb olur. Digər tərəfdən yaxşı olar ki, Azərbaycanın xarici maliyyə instututlarında idarə edilən neft vəsaitlərinin bir qismi ölkəyə gətirilsin. Eyni zamanda sektorun dəqiq təhlili nəticəsində kredit faizləri üçün hökumət tavan müəyyənləşdirə bilər".