Piyada səkilərini zəbt edən avtomobillər

21 Fevral 2015 12:00 (UTC+04:00)

Hələ də bəzi avtomobil sahiblərinin yol qaydalarına əməl etməyərək, maşınlarını piyadalar üçün nəzərdə tutulan səkilərdə saxladığının şahidi oluruq. Bəzi sürücülər sanki heç nə olmamış kimi, nəqliyyat vasitələrini səkilərdə saxlamaqda davam edirlər. Müvafiq qurumlar buna qarşı mübarizə aparsalar da, görünən odur ki, problem hələ də qalmaqdadır.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov düşünür ki, sözügedən problem bəzi sürücülərdə yol mədəniyyətinin aşağı səviyyədə olmasından qaynaqlanır: "Sürücülərin avtomobillərini piyadalar üçün nəzərdə tutulan səkilərdə saxlamaları yol hərəkəti qaydalarının elementar, həm də kobud şəkildə pozulmasıdır. Problemin indiyə kimi davam etməsinin səbəbi məsuliyyətin zəif olması, təfəkkür problemi ilə əlaqədardır. Prosesə nəzarət edənlər də bu işdə dərinə gedə bilmədiklərini deyirlər. Ümumən şəhərdə parklanma ilə bağlı problem var. Bu səbəbdən polislər də müəyyən hallarda nöqsanlara göz yumur. Piyada səkilərində maşın saxlama sürücü mədəniyyətinin olmamasının da göstəricisidir. Həmçinin, yol infrastrukturu elə qurulmalıdır ki, parklanma yeri ilə bağlı problem minimuma endirilsin".

Ekspert Azər Allanverənov problemin həllinə konseptual yanaşmanın tərəfdarı olduğunu dedi: "İnzibati Xətalar Məcəlləsində, Yol Hərəkəti Haqqında qanunda bu məsələ birmənalı şəkildə öz həllini tapıb. Piyadalarin hərəkətinə maneəçilik törədən nəqliyyat vasitələri birmənalı olaraq cərimələnməlidir. Amma reallıq ondan ibarətdir ki, bu gün məsələ geniş miqyas aldığından və insanların vərdiş edə biləcəyi səviyyəyə qalxdığından problemə birmənalı olaraq münasibət bəsləyən yoxdur. Kimisə bunu normal hal, kimisi də çıxılmaz vəziyyət kimi sayır. Bəzi hallarda müvafiq qurumlar, piyadaların özləri ona göz yumur. Piyadaların iradların bildirilməsi də böyük mübahisələrə səbəb olur. Dövlət Yol Polisi əməkdaşlarının bu istiqamətdə reydləri də fraqmental və demək olar şəhərin eyni küçələrində keçirilir. Burada maarifçilik işinə ehtiyac var. Bəzi sürücülər hesab edir ki, burada qanun pozuntusu yoxdur, bunun əksini olduğunu onlara çatdırmaq lazımdır. Təkrar edilən eyni cəzaya görə cərimələrin miqdarı da artırılmalıdır. Sovetlər dönəmində bəzi küçələrlə səki arasında dəmir baryerlər quraşdırılırdı. Həmin baryerlərlə faktiki olaraq, piyadaları yollardan ayırmış olurdular. Amma bu günün özündə (dünən-red.) mühərriki böyük həcmli olan nəqliyyat vasitəsinin baryerin üstünə çıxmasının və köndələn olaraq səkinin üzərinə qaldırdığlnın şahidi oldum. Piyadalar maneəsiz olaraq səki ilə hərəkət etmək hüququna malikdir. Buna maneəçilik törədənlər həmin piyadaların hüququnu pozmuş olurlar. Hüquq pozma anlayışı sürücülərdə yol mədəniyyətinin aşağı olmasından irəli gəlir. Onlar "mənə necə rahatdır, elə də işləyirəm" prinsipilə işləyirlər. Ölkəmizdə qarşı tərəfin hüquqlarına hörmətlə yanaşmaq anlayışı çox aşağıdır. Bir nüansı da yaddan çıxarmayaq ki, sürücülər avtomobillərini başqa yerlərdə saxlamağın mümkün olmaması, dayanacaqda yer olmamasını, ödənişli dayanacacqların isə çox pul istədiklərini əsas gətirməklə səkilərdə saxlayırlar. Lakin onlarln bu arqumentləri heç də digərlərinin hüquqlarının pozulmasına dəlalət etməməlidir".