"Cəhənnəmdə böyük çığırtı" kitabının təqdimatı keçirilib
20 Fevral 2015 17:40 (UTC+04:00)
Movqe.az xəbər verir ki, bu gün "Lent.az"
İnformasiya Agentliyinin "Əsir düşərgəsi" layihəsinin materialları
əsasında nəşr edilmiş "Cəhənnəmdə böyük çığırtı" adlı kitabın
təqdimat mərasimi keçirilib. Tədbirdə
millət vəkilləri, Prezident Administrasiyası İctimai-siyasi
məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Mətbuat Şurasının
sədri Əflatun Amaşov, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye,
dövlət qurumlarının təmsilçiləri, baş redaktorlar iştirak
ediblər. Tədbirin aparıcısı İlham
Tumas bildirib ki, "Cəhənnəmdə böyük çığırtı" 23 il əvvəl
azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı
dəhşətlərdən bəhs edir. Daha sonra kitabın müəllifi Vüsalə
Məmmədovanın təqdimatında "APA TV"nin hazırladığı süjet təqdim
olunub. Təqdimat mərasimində çıxış
edən "APA Holding"in prezidenti Vüsalə Mahirqızı deyib ki, 20 ildən
artıqdır Azərbaycan dövləti və prezidenti Qarabağ, Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması istiqamətində iş aparır: "Biz
bu əsərlə həm də "Xocalıya Ədalət" kampaniyasına dəstək vermək, bu
istiqamətdə iş aparan təşkilatlarımıza yazılı fakt təqdim etmək
istədik. Kitabın nəşrini "TEAS Press" Nəşriyyat Evi həyata keçirib,
bu nəşriyyata təşəkkür edirəm. Bu nəşriyyatın aid olduğu Avropa
Azərbaycan Cəmiyyəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması
istiqamətində böyük işlər görüb. Biz də insanlıq üçün necə bir
təhlükənin mövcud olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün
kitabın bir çox xarici dillərə tərcümə edilməsinə
çalışacağıq".
Prezident Administrasiyası İctimai-siyasi
məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Mətbuat Şurasının
sədri Əflatun Amaşov, millət vəkilləri Hadı Rəcəbli, Ərəstun
Cavadov, Musa Qasımlı, Xocalı faciəsi zamanı girov düşmüş və 3 il
girov həyatı yaşamış Müşfiq Əliyev kitabı Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlardan
biri kimi qiymətləndirib, kitabın ərsəyə gəlməsində xidməti olan
hər kəsə təşəkkür ediblər.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin
sektor müdiri Vüqar Əliyev isə çıxışında "Cəhənnəmdə böyük çığırtı"
kitabının Dağlıq Qarabağmünaqişəsi, münaqişə zamanı ermənilərin
törətdiyi qəddarlığın dünya ictimaiyyətinə çatdırılması baxımından
əhəmiyyətli olduğunu qeyd edub: "KitabınXocalı soyqırımı ərəfəsində
işıq üzü görməsi də əlamətdar haldır. Münaqişə zamanı əsir və girov
azərbaycanlıların sayı 4 mindən artıqdır. Həmin şəxslərdən 550
nəfərin qətlə yetirildiyi, işgəncələrdən öldüyü barədə məlumat var.
Ümumilikdə 1400 nəfər şəxs əsir və girovluqdan azad edilib. Bu
insanların taleyi, əsir və girovların üzləşdikləri işgəncələr
"Cəhənnəmdə böyük çığırtı" kitabında o şəxslərin öz dilindən təqdim
olunur. O insanların yaşadıqları faciəni oxuyanda görürsən ki,
onlara verilən işgəncələr İkinci Dünya Müharibəsində faşist
düşərgələrində verilən işgəncələrə bənzəyir. Çox təəssüf ki, bu
işgəncələri verən insanlar nəinki məsuliyyətə cəlb olunmayıb, hətta
Ermənistan rəhbərliyində təmsil olunurlar. Biz Dağlıq
Qarabağmünaqişəsi ilə analoq təşkil edən münaqişələr zamanı necə
münasibət bəsləndiyini görürük. Keçmiş Yuqoslaviya, o cümlədən
hazırda Ukrayna hadisələri buna misaldır. Təəssüf ki, BMT-nin məlum
4 qətnaməsi, Avropa strukturlarının qərar və qətnamələrinə, İslam
Əməkdaşlıq Təşkilatının qərarlarına baxmayaraq, ikili standartlar
hökm sürür".
Mətbuat Şurasının sədri Əflatun Amaşov əsas mənbəyin münaqişə
zamanı faciələri yaşayan insanlar olduğunu vurğulayıb: "Bu kitab
müxtəlif xarici dillərə tərcümə olunmalıdır. Əsir və girov düşmüş
insanlarımız tapılmalı, belə kitablar hazırlanmalıdır. Çünki tarix
üçün bu kitablar əsas mənbə olacaq".
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli
kitabda əsas məqsədin nifrət aşılamaq olmadığını qeyd edib:
"Müharibələr bütün hallarda faciə gətirir, əziyyətini dünya çəkir.
Bu kitabda isə insanların, insanlığın faciəsi əksini tapıb".
H. Rəcəbli xüsusilə gənclərə kitabı oxumağı məsləhət görüb.
Tarixçi alim, millət vəkili Musa Qasımlı da belə kitabların
mühüm olduğunu qeyd edib. Millət vəkili vurğulayıb ki, bu cür
kitablar tarixi faktdır və gələcək araşdırmalar üçün önəmli mənbə
rolunu oynayacaq: "Kitabda əks olunan bizim gerçək, ürək ağrıdan
tariximizdir".
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva
kitabın növbəti təqdimat mərasiminin Dağlıq Qarabağın Azərbaycanlı
İcmasının qərargahında təşkil ediləcəyini söyləyib.
Kitabın müəllifi Vüsalə Məmmədova müsahiblərinin
gözlərindəki görüntüləri kitaba köçürə bilməməsindən çox
təəssüfləndiyi vurğulayıb: "Siz bu kitabı oxuyub bitirənə qədər
layihə çərçivəsində ikinci kitabı sizə təqdim edəcəyik. Hesab edin
ki, bu da mənim vətənə hərbi xidmətimdir".
Qeyd edək ki, "Cəhənnəmdə böyük çığırtı" kitabı
"APA Holding"in dəstəyi ilə "TEAS Press" Nəşriyyat Evində çap
olunub. Kitabın ideya müəllifi və redaktoru "Lent.az" İnformasiya
Agentliyinin baş direktoru Qabil Abbasoğludur. Kitabda toplanmış 8
hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi
işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəs edilir.
Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə,
həmçinin dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir.
Kitabdakı bir çox faktlar girovluqda olmuş insanların öz dilindən
geniş ictimaiyyətə ilk dəfədir çatdırılır.