Rusiyanın kəşfiyyat şefinin gizli Amerika səfəri

20 Fevral 2015 18:45 (UTC+04:00)

"Bu il fevralın 18-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, Milli Antiterror Komitəsinin sədri Aleksandr Bortnikov ABŞ tərəfin rəsmi dəvəti ilə Vaşinqton şəhərinə gedib. Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə o, Zorakı Ekstremizmə Qarşı Mübarizə Sammitində (18-19 fevral, 2015) Rusiyanın idarələrarası nümayəndə heyətinə rəhbərlik edir".

Movqe.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) saytı məlumat yayıb.

Açıq məlumatlardan göründüyü kimi, Bortnikovun səfəri əvvəlcədən nəzərdə tutulmayıb və son anda uzadılıb.

"Ruslar viza və sənədləşmə ilə bağlı kömək istəyiblər, çünki onlar nümayəndə heyəti iştirakçılarının heyətini dəyişdirməyi qərara alıblar" - deyə ABŞ Dövlət Departamentinin mətbuat katibi Cennifer Psaki bildirib.

"Rusiya dəvət edilmişdi. Hesab edirəm ki, biz hər bir ölkəyə öz nümayəndə heyətini müəyyən etmək hüququ vermişik" - deyə C.Psaki əlavə edib.

Amma C.Psakinin Moskvanın son anda Bortnikovu daxil etmək üçün nümayəndə heyətini genişləndirməsinin səbəbi ilə bağlı izahatı olmayıb.

"France Press" bildirir ki, Rusiya nümayəndə heyəti ABŞ dövlət katibi Con Kerrinin dəvəti ilə xarici döyüşçülər məsələsi ilə bağlı müşavirədə iştirak edib.

A.Bortnikovun səfərinin əhəmiyyətini ABŞ-ın Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına məhəl qoymaması faktı sübut edir.

"Bortnikov Aİ-nin Ukraynada rusyönlü qiyamçılara dəstəklə bağlı tətbiq etdiyi sanksiyalara məruz qalıb, amma o, ABŞ-ın hər hansı sanksiyasına məruz qalmayıb" - deyə C.Psaki qeyd edib.

"Güclü kəşfiyyat agentliyinə rəhbərlik edən Aleksandr Bortnikov ən yüksək səviyyəli rus məmurlarından biridir və onun Vaşinqtona səfəri Şərqi Ukraynada münaqişə ilə əlaqədar iki ölkə arasında gərginliyin artdığı bir anda baş verib" - deyə "France Press" qeyd edir.

"Bizim birgə işlədiyimiz bir sıra məsələlər var. Əlbəttə, bizim ciddi fikir ayrılıqlarımız da var, Ukrayna məsələsində olduğu kimi" - deyə C.Psaki bildirib.

Səfər başa çatdıqdan sonra Aleksandr Bortnikov jurnalistlərə bildirib ki, onun Vaşinqtona səfəri həm peşəkar, həm də siyasi xarakter daşıyırdı.

"Mənim və həmkarlarımızın malik olduğumuz imkanlardan istifadə etmədən siyasi problemləri həll etmək olmaz. Bu, baş verənlərə müsbət təsir göstərməyin əsasında duran çox mühüm aspektdir" - deyə "RİA Novosti" A.Bortnikovdan sitat gətirir.

A.Bortnikovun V.Putinin şəxsi nümayəndəsi qismində ABŞ-da olduğunu təxmin etmək çətin deyil. Vaşinqtona səfər haqqında qərar fevralın 18-də - Ukrayna prezidenti Poroşenko öz qoşunlarına Debaltsevonu tərk etmək əmri verdiyi tarixdə qəbul edilib.

Ən yüksək səviyyədə belə məxfi Amerika-Rusiya məsləhətləşmələrinin başlanması Vaşinqton və Moskvanın qarşılıqlı maraqların təmin edilməsi üzrə məsləhətləşmələrə başladığını göstərir. Bu, Kremlin antiböhran siyasəti prizmasından təmin ediləcək.