İŞİD daha bir məscidi partladıb

22 Fevral 2015 19:16 (UTC+04:00)

İraq ərazisindəki tarixi tikililərdən biri olan əl-Fərrux məscidi İŞİD qruplaşmasının yaraqlıları tərəfindən partladılıb.


Movqe.az publika.az-a istinadən xəbər verir ki , İraqın Ənbar əyalətinin administrasiyasının nümayəndəsi Süleyman əl-Qabsi məscidin maksimum dağılmasına nail olmaq üçün yaraqlıların tikilinin bütün parametri boyu partladıcı yerləşdirdiklərini deyib. Onun sözlərinə görə, partlayış nəticəsində məscid təməlinə qədər dağılıb.


Ənbar əyalətində Ər-Ramadi şəhərindən 90 kilometr qərbdə yerləşən əl-Fərrux məscidinin əsası VII əsrin birinci yarısında xəlifə Ömər ibn əl-Xəttabın hakimiyyəti dövründə qoyulmuş və onun şərəfinə adlandırılmışdı. İndiyədək dəfələrlə bərpa edilən məscid son zamanlara qədər əyalət rəhbərliyinin xüsusi hesabında olub.


İraqın turizm və tarixi abidələr nazirliyinin məlumatına əsasən, İŞİD-in nəzarətində olan ərazilərdə son bir il ərzində 30-a yaxın tarixi əhəmiyyət kəsb edən dini tikili məhv edilib. Onların arasında Mosul şəhərində yerləşən Yunus Peyğəmbərin məscidi də var.