Azərbaycanda bir neçə vəzifəli şəxsin cinayət işinin istintaqı yekunlaşıb

6 Avqust 2012 11:42 (UTC+04:00)

Azərbaycanda korrupsiyada ittiham olunan bir neçə şəxsin cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2012-ci ilin iyul ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 25 şəxs barəsində 20 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Bu cinayətlər əsasən rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifəli şəxslərin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, talama, dələduzluq və sair faktlarla əlaqədar olub.

Əvvəllər məlumat verildiyi kimi, Bakı Baş Səhiyyə idarəsinin 14 saylı Birləşmiş şəhər xəstəxanasının baş həkimi Oktay Salamovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatları əsasında cinayət işi başlanıb və istintaq aparılıb. Müəyyən edilib ki, O. Salamov Bakı şəhər sakininə əlillik dərəcəsinin təyin olunması üçün tibbi arayışın verilməsinə görə xidməti otağında ondan 3 min manat məbləğində pulu rüşvət kimi alıb. O. Salamov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 №-li Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədri Bayram Xudaverdiyevin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatları əsasında cinayət işi başlanıb və istintaq aparılıb. Müəyyən edilib ki, B. Xudaverdiyev Bakı şəhər sakininə əlillik dərəcəsinin təyin olunmasına görə xidməti otağında 3 min manat məbləğində pulu rüşvət kimi alıb. B. Xudaverdiyev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun məlumatında bildirilir ki, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə əlaqədar müxtəlif sahələr üzrə 102 cinayət işinin istintaqı davam etdirilir. Həmin cinayət işlərinin nəticəsinə dair ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcək.