Piyada səkiləri «yaddan çıxdı»

24 Fevral 2015 08:02 (UTC+04:00)

Bakıya yağan qar növbəti dəfə bəzi problemləri üzə çıxardı. Həmin problemlərdən biri də piyada səkilərinin qardan təmizlənməməsi ilə bağlı oldu. Qeyd edək ki, paytaxtın əksər küçə və prospektləri qardan intensiv şəkildə təmizləndi. Lakin maraqlısı budur ki, maşınların hərəkət sahəsi qardan təmizlənsə də, səkilərin böyük əksəriyyətində bunu müşahidə etmədik. Yalnız ayrı-ayrı idarələr, dükanlar, müəssisələr öz qarşısını təmizlədi. Bu baxımdan bəzən piyadalar səkidə yox, avtomobil zolağında hərəkət etməyə üstünlük verdilər.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev "Mövqe"yə açıqlamasında bildirdi ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-i Bakı şəhərində xidmət etdiyi prospekt, küçə və yolların ancaq hərəkət hissəsində xidmət göstərir: "Səkilər isə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin balansında deyil. Yəni, bizim tərəfimizdən səkilərin təmizlənməsi istiqamətində heç bir xidmət göstərilmir. Buna cavabdeh aidiyyatı üzrə icra hakimiyyətləri ola bilər".

Qeyd edək ki, səkilərin təmizlənməsinə cavabdeh qurum yerli icr aorqanları ilə yanaşı, bələdiyyələrdir. Lakin bələdiyyələrin də bu istiqamətdə ciddi fəaliyyəti nəzərə çarpmadı. Nəqliyyat Təhlükəsizliyi" Araşdırmaları və Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli bildirdi ki, yeni bələdiyyələr seçilib: "Bundan başqa, artıq bələdiyyə şuraları da öz işlərinə başlayıblar. Əslində, bir sıra ölkələrdə olduğu kimi, şəhər infrastrukturunun saxlanılması, vətəndaşların daha çox istifadə etdiyi ərazilərin abadlaşması, təmizlənməsi məsəlində bələdiyyələrin rolu əsas götürülür. Eyni zamanda, bu günə qədər bu səlahiyyətləri əlində saxlayan mənzil istismar sahələri (MİS) də fəaliyyət göstərir. Amma problemin mahiyyəti ondan ibarətdir ki, sırf bu iş üçün mənzil istismar sahələrində işçilərin sayı kifayət qədər yetərli deyil. Kifayət qədər işçi saxlamaq isə büdcədən əlavə vəsait tələb edir. Problem həm də bu idarələrin qışa hazırlıq səviyyəsinin kifayət qədər yaxşı olmamasından irəli gəlir. Amma problem bələdiyyə və MİS-lərin üzərinə atılmamalıdır. Bu məsələdə həmçinin, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) də məsuliyyət yükü var. Çünki, insanların istifadə etdiyi ərazilərin təmizləməsində BŞİH-nin səlahiyyətləri mövcuddur. Amma problemin bir kökü də elə burdadır. Göründüyü kimi, təəssüflər olsun ki, bu məsələdə məsuliyyət bir neçə orqan arasında bölünüb. Bu işlə məşğul olan dövlət orqanının səlahiyyətinin yetərincə konkretləşməməsi problemin yaranmasında əhəmiyyətli rol oynayır. Ona görə də bu iş konkret bir qurumun, məsələn, sırf bələdiyyələrin səaliyyətinə verilsə, daha yaxşı olardı. Çünki, bələdiyyələr seçkili olduğundan xalq qarşısında hesabatlı orqandır. Amma digər dövlət orqanları təyinatlı olduğundan bu işin məsuliyyətini yetərincə daşımırlar. Nəticədə də hər dəfə belə mənzələr ortaya çıxır".

Onu da qeyd edək ki, məsələ ilə bağlı gün ərzində BŞİH-dən məlumat almaq cəhdimiz alınmadı.