Broyler təsərrüfatlarına qarşı edilən təxribata ekspertdən maraqlı şərh gəldi

24 Fevral 2015 09:00 (UTC+04:00)

Ərzaq məhsullarının istehsalında son dövrlərdə yayılan bəzi məlumatlar əhali arasında müəyyən narahatlığa yol açmaqdadır. Məsələn, bu günlərdə belə videoçarx nümayiş olundu ki, broyler toyuqlarına şprislə vurulan maye vasitəsilə onun çəkisi artırılır. Yaxud da iddialar səslənir ki, son günlərdə ətin qiymətinin ucuzlaşması yem məhsullarının bahalaşması ilə əlaqədardır. İddia olunur ki, ötən il müşahidə olunan quraqlıq nəticəsində yemin bahalaşmasından sonra fermerlər əllərində olan mal-heyvanı bazara daha ucuz qiymətə təklif edirlər və əsas səbəb də odur ki, mal-qara saxlamaq artıq sərfəli deyil.

Bu kimi məsələlərə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası əməkdar kənd təsərrüfatı işçisi, heyvandarlıq, damazlıq işi, otlaqlar üzrə beynəlxalq ekspert Çingiz Fərəcovla əlaqə saxladıq.

Çingiz Fərəcov bildirdi ki, keçən il havanın quraqlıq keçməsi yonca istehsalının azalmasına gətirib çıxarıb: "Kənd təsərrüfatı ümumxalq işi olmalıdır. Kənd təsərrüfatı ilə hamı məşğul olmalıdır. Kənddə yaşayan hər bir adam mal-qara saxlamalıdır, bir sözlə, ərzaq təhlükəsizlik proqramının yerinə yetirilməsinə töhfə verməlidir. Lakin son zamanlar ətin qiymətinin aşağı düşməsi haqqında söhbətlər gedir. Məlumat üçün bildirmək istəyirəm ki, 2014-cü ildə kəsilmiş şəkildə 291 min 200 ton ət istehlak olunub. Onun da 99,4 min tonu quş ətindən ibarətdir. Adambaşına götürdükdə minimum istehlak səbətinə əsasən 31,4 kq ət istehlak edilməlidir. Lakin keçən il adambaşına 30,3 kq ət istehlak olunub. Eyni zamanda 99,4 min tonluq quş ətinin 64,1 min tonu ancaq quşçuluq fabriklərində istehsal olunub. Sənaye quşçuluğunun gücü isə 100 min tondur. İldən-ilə ət istehsalı artdığı halda nə üçün ətin qiyməti aşağı düşmür? Bu illəri birdən-birə ətin qiyməti rayonlarda 5-6 manata, Bakıda isə 7,5 manata düşüb. Bu barədə tədqiqat işi apararaq rəy sorğusu apardıq. Məlum oldu ki, keçən il çox quraqlıq keçdi. Ona görə də yonca sahələri suvarılmadı. Azərbaycanda mal-qara yalnız yonca otunun və küləşin hesabına saxlanılır. Bundan başqa, Balakən və İmişlidə qarışıq yem zavodları var. Onun da kiloqramı 33-34 qəpiyə satıldığından təxminən 85-90 faizə qədər fərdi təsərrüfatlar yem almaqla məşğul olmur. Onlar deyirlər ki, qoy heyvanlar hava ilə qidalansın, lakin bizə süd versin. Cüzi miqdarda, təxminən 1100 hektar sahədə siloslu qarğdalı, 150-200 hektar sahədə isə yem çuğunduru əkilir. Bundan başqa yem bitkilərinin heç biri əkilmir. Deməli, əsas diqqəti yonca istehsalına yönəltməliyik. Ölkədə 395 min hektar sahədə yonca əkilir. Lakin quraqlıq səbəbindən keçən il yonca suvarılmadı. Həmişə yoncadan 3-4 dəfə biçin aparılırdısa, keçən il ən çoxu 1,5 dəfə biçin aparıldı. Ona görə də məhsul az oldu. Çünki, yoncaya su verilmədi. O zaman kənd təsərrüfatı ilə məşğul olan nazirliklər, dövlət komitələri həyəcan təbili çalaraq bildirməli idilər ki, iyun ayından başlayaraq su ancaq yonca bitkisinə yönəldilməlidir. Lakin müvafiq nazirlik və komitənin işçiləri yerlərdən çox uzaq düşüb. Onlar fermerlərlə zəif əlaqə saxlayır, problemlərinə dərindən maraq göstərmirlər. Ona görə də yonca sahələrinə su çatdırılmadı. Hər hektardan 67 sentner quru ot alındığı halda, keçən il bu göstərici 40 sentnerə belə çatmadı. Yoncanın bir kipində 20 kq ot olmalıdır. Lakin bu yaxınlarda Zabratda olan 14 maşından kiplər götürüldü. Cəmi 15-16 kq idilər. Deməli, burada da alverçilər heyvandarlıqla məşğul olan sahibkarları aldadır. Bir kipin qiyməti 6-7 manatdır. Belədə yonca otunun bir kq-nın qiymətinin 40 qəpik olduğunu görürük. Südün bir kq-da emal müəssisələri 40 qəpiyə alırlar. Deməli, onlara süd sərfəli deyil. Bir kq yoncadan 1 litr süd əmələ gəlmir. Ona azı 2 kq yonca verilməlidir ki, heyvan 1 litr süd versin. 2 kq yonca otu isə 80 qəpikdir. Ona görə rayonlarda kütləvi şəkildə heyvanların kəsilməsinə başlanıldı. Belədə ətin kiloqramını 5-6 manata saldılar. Digər təərfdən heyvan çoxdursa, niyə hər il Gürcüstandan 30-40 min baş iri buynuzlu heyvan, 60-70 min baş da qoyun gətirilir? Fermerlərə əsas tövsiyəm ondan ibarətdir ki, onlara verilən pay torpağının yarısında mal-qara üçün yem istehsal etsinlər. Yem yoxdursa, ət və süd də yoxdur. Kütləvi xarakter alan bu kəsimin qarşısını almaq üçün heyvanlara kifayət qədər yem sərf olunmalıdır".

Həmsöhbətimiz onu da qeyd etdi ki, quş əti istehsalı Azərbaycanda ildən-ilə artır: "Bu sərfəlidir, çünki quş tez yetişir. 32-42 günə 1 kq quş əti almaq olur. Keçən il 99,4 min ton quş əti istehsal olunub. 2013-cü ildə isə 94,5 min ton quş əti istehsal edilib. Respublikada quş əti istehsalı artmalıdır. Dünyanın əksər ölkələrində hər adama 20 kq quş əti istehlak olunur. Bu hesabla ölkəmizdə 200 min ton quş əti istehsal olunmalıdır. Ölkəmizdə buna imkan var. Lakin bəzi televiziya kanalları təxribat aparır. Prezident tərəfindən belə vəzifə qoyulub ki, daxili istehsal hesabına tələbat ödənilməlidir. Təxminən 40 quşçuluq fabrikinə kredit ayrılıb. Onlar da quş əti istehsalını ildən-ilə artırmağa çalışır və buna da nail olurlar. Az təminatlı ailələr gözünü bildiyiniz kimi, quş ətinə tutub. Çünki, mal ətinin kq 8,5, qoyun ətinin isə 11 manat olduğu halda, quş ətinin 1 kq 3,5 manatdır. Bəzi televiziya kanallarında heç bir əsas olmadan deyirlər ki, quş ətinin bədəninə şprislə su yeridilir ki, o donsun və çəkisi artsın. Bu isə təxribatdır, dövlətə ziyan vurmaqdır. Belə təxribat aparanlara qarşı ciddi mübarizə aparılmalıdır. Dəvəçi broyler fabriki "Səba" markası ilə hər gün marketlərə 10 ton quş əti çıxarır. Bu isə 10 min quş deməkdir. Hanı elə bir qüvvə ki, hər gün 10 min quş ətinin bədəninə şprislə su yeritsin? Bu təxribata gərək hüquq-mühafizə orqanlarında cavab verilsin. Televiziyada bu haqda məlumat gedəndən sonra, insanlar fabrik istehsalı olan quş ətini almaqdan imtina edib. Belədə əhalini nə ilə təmin edək? Mal əti çatmır. Çünki, mal ətini intensiv artırmaq mümkün deyil. İran və Türkiyə gözünü quş ətinə dikib. Onda niyə Azırbaycan əhalini quş ətilə təmin etməsin? Təxribatçılar nədən quşçuluğun inkişafına əngəl olurlar? Belə vəziyyətin qarşısını almaq üçün ciddi işlər görülməlidir. Xaricdən ölkəyə idxal olunan quş ətinin qarşısı alınmalıdır. Daxili istehsalı artırmalıyıq. Onsuz da ölkəmizə hər il 50 min ton quş əti idxal olunur. Bunun qarşısı alınarsa, daxili istehsal artacaq. Bütün oxuculara tam məsuliyyətlə bildirirəm ki, heç bir təsərrüfatda quşun bədəninə şprislə su vurulmur. Bu, təşkil olunmuş təxribatdır. Son illər idxal olunan quş ətinin qarşısı alındığına görə, bəzi şəxslər təxribata yuvarlanıblar".

Ç. Fərəcov vurğuladı ki, son zamanlar quru süd haqda da çoxlu söhbətlər yayılıb: "Ölkəmizə 2013-cü ildə 2566 ton quru süd idxal olunub. Ölkənin heç bir müəssisəsində quru süd istehsal olunmur. Hər 10 litr süddən 100 qram quru süd alınır. Bütün emal müəssisələri istifadə etdikləri yerli südü kondisiyaya gətirmək üçün quru süddən istifadə etməlidir. Yağ azdırsa, quru süd vurmaqla onun yağlığını artırırlar. Yerli südün tərkibində quru maddə azdırsa, quru süd vurmaqla quru maddəsinin kondinsiyaya gətirirlər. Dünyanın bütün ölkələrində quru süddən istifadə olunur. İndi quru süddən məhsul emal edən müəssisəmiz yoxdur. Quru südü uzun müddət saxlamaq üçün tərkibinə insan sağlamlığına ziyan gətirməyən indqrientlər vururlar. Keçən il ölkədə 1, 855 milyon ton süd istehsal olunub. Amma respublikada hər adama Ümumdünya Səhiyyə Təşkilatının normalarına əsasən, il ərzində 360 litr süd düşməlidir. Əhalinin sayı hesabı ilə ölkəyə 3,4 milyon tona qədər süd lazımdır. Bunu da istehsal etmək hələlik tezdir. Vaxt gələcək, bu qədər süd istehsal ediləcək. Bu səviyyəyə çatmaq üçün çox işləməliyik. Azərbaycanda minimum istehlak səbəti də var. Hər 5 ildən bir bu səbət dəyişilir. Nazirlər Kabineti minimum istehlak səbətini müəyyən edib. Ona əsasən bir adam ildə 360 litr süd istehlak etməlidir. Lakin 232,8 litr süd istehlak edib. O rəqəmə çatmaq üçün də mütləq quru süddən istifadə etməliyik. Dünyanın hər bir ölkəsində tərkibində indqrent olan quru süddən istifadə olunur. Bunlar insan sağlamlığına ziyan verməyən amillərdir. Ona görə də, bütün insanlara müraciət edərək deyirəm ki, bu təxribatlara aldanmasınlar. Bu işdə səriştəsi olmayanlar həmin məsələyə toxunmasınlar. Məsuliyyətlə bildirirəm ki, Azərbaycanda ekoloji cəhətdən təmiz məhsullar istehsal olunur. Bitkilərə gübrə verilmir. Heyvanlara konsentrat verilmir. Ondan sağılan süd ekoloji cəhətdən təmiz süddür. Quşçuluğa diqqəti artırmalıyıq. Ona lazım olan yemin də 40 faizi Azərbaycanda istehsal olunur. Ona da diqqət artırmalıyıq ki, hormonlaşmış yemlər verilməsin. Burada ciddi fəaliyyət var".