Minsk qrupundan təxribatçı addım

24 Fevral 2015 09:15 (UTC+04:00)

ATƏT-in Minsk qrupu növbəti dəfə Azərbaycana qarşı diplomatik səhvə yol verdi. Belə ki, həmsədrlər regiona son səfərləri ilə bağlı birgə yaydıqları bəyanatda Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşdüklərini qeyd ediblər: "Həmsədrlər Azərbaycan və Ermənistanın prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə, o cümlədən Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər. Görüşdə tərəflər münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını təsdiqləyiblər. Prezidentlər həmçinin, atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərə almağa razılıq veriblər".

Bəyanatda əvvəlkilərdən fərqli olaraq ilk dəfə olaraq "Dağlıq Qarabağın de-fakto rəhbərliyi" ifadəsinin işlənməsi Bakıda haqlı etiraz doğurub. Ancaq hələlik Minsk qrupu yol verdiyi səhvi düzəltməyib. Qeyd edək ki, ötən il noyabrın 12-də də Ermənistan hərbi helokopteri Azərbaycan ərazisində vurulandan sonra da həmsədrlər diplomatik səhvə yol vermiş, sonradan səhvi düzəltmişdilər.

Qərəzli yanaşma ilə əlaqədar YAP-in beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmler doktoru, professor Elman Nəsirli "Mövqe"yə açıqlamasında bildirdi ki, bu ilin mart ayının 24-də ATƏT-in Minsk qrupunun yaranmasının 23 ili tamam olur: "Onların 23 illik fəaliyyətini fəaliyyətsizlik kimi də dəyərlənirmək olar. Hətta təəssüf ki, bir çox hallarda irəliyə yox, geriyə addımların atılması tendensiyasını müşahidə edirik. Həmsədrlərin sonuncu bəyanatı belə qənaətə gəlməyə əsas verir. Həmsədrlərin verdiyi bəyanatda nəinki səhv, hətta çox təhlükəli tendensiyanın əsasını qoyulub. Bu da ondan ibarətdir ki, həmsədrlər Dağlıq Qarabağdakı separatçı rejimdən danışarkən onu "separatçı rejim" yox, de-fakto rəhbərlik kimi dəyərləndirirlər. Bu isə çox təhlükəli yanaşmadır. Çünki, de-faktorunun ardınca de-yure gəlir. Bu gün sepratçı rejiminin əsas niyyətindən biri də məhz beynəlxlq birliyin separatçı rejimi tanımasına nail olmaqdır. Həmsədrlərin razılaşdığı bəyanatda "separatçı rejim", qonadarma Dağlıq Qarabağ Respublikası ifadələri yox, de-faktor rəhbərlik ifadəsi işlədilirsə, bu, təsadüfi yanaşma ola bilməz. Çünki, belə bəyaantlar hazırlanarkən düşünülür, cümlələr, ifadələr, sözlər müzakirə edilir və yekun nəticədə mətn hazırlanır. Odur ki, bu, təsadüfi yox, düşünülmüş addımdır. Həmin ifadələr sanki bu gün sahəyə qoyulmuş mina effektini verir. Bu gün mina qoyulur, bir müddətdən sonra o partlayacaq. Bu baxımdan bəyanatda belə ifadələrin işlədilməsinə qətiyyən yol vermək olmaz. Həmsədrlər münaqişəni həll etmək istəyirlərsə, belə bəyanatlarla problemi bir qədər də düyünə salır və həlli imkanlarını daha da məhdudlaşdırırlar".

Politoloqun fikrincə, qorxulu tendensiya həm də ondan ibarətdir ki, "de-fakto rəhbərlik" ifadəsinin ardınca bunlar tərəfləri sülhə dəvət edirlər: "De-fakto ifadəsi olmayanda, tərəflər deyəndə Ermənistan və Azərbaycan başa düşülür. Ancaq "de-fakto rəhbərliyi" ifadəsi işlətdikdən sonra tərəf kimi şüurlatı olaraq qondarma rəhbərlik nəzərdə tutulur. Bununla bağlı müvafiq ölçü götürülməlidir. Həm də onların məqsədi konflikti həll etməkdirsə, belə yanaşmalarla konflikt həllini tapmayacaq. Əksinə, bu cür acıqlama atəşkəs rejiminin pozulmasına xidmət edir. Ermənistan tərəfi isə bundan ruhlanır. Çünki, Ermənistan qondarma rejimin tərəf olmasını istəyir. Həmsədrlər də artıq bunu öz bəyanatlarında vermiş oldular. Danışıqlarda bu ifadələr ətrafında geniş fikir mübadiləsi olmalıdır ki, həmsədrlər bir daha belə təhlükəli gedişlərə imza atmasınlar".

Elman Nəsirli əlavə etdi ki, belə bəyanatlar həmin anın təsiri altında hazırlanmır: "Bu baxımdan orada təsadüf, çaşmaq, səhv buraxmaq real vəziyyəti əks etdirmir. Burada düşünülmüş, məqsədyönlü yanaşma var. Ona görə də bilərəkdən belə addımların atılması bundan sonra da baş verə bilər. Azərbaycan tərəfi danışıqlarda bu məqamı xüsusi qabartmalı və xəbərdarlıq etməlidir. Çünki, belə ifadələr hadisələri nəzarətdən çıxara bilər. Düşünülmüş olduğundan gələcəkdə də Minsk qrupu tərəfindən belə addımların atılması istisna deyil".