Bu gün fevralın 24-ü Azərbaycanda ilk çərşənbə-Su çərşənbəsi
qeyd olunur. Novruz bayramına 4 həftə qaldıqda
insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq)
bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində
onlara "boz ayın çərşənbələri" də deyirlər. İlk çərşənbənin də su
çərşənbəsi olması təsadüfi deyil. Su çərşənbəsi suya tapınma inamı
ilə bağlıdır. İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana
salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı
qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi
bellənər, artıq budaqları və zoğları kəsib onları
cavanlaşdırarlar.Bu çərşənbədə də insanlar süfrə açar. Hər
çərşənbənin öz xörəyi, öz xonçası var. Su çərşənbəsi xonçasında
bulaqdan, quyudan, kəhrizdən piyada gətirilmiş pak, təmiz su mütləq
olmalıdır. Dövrəsinə quru meyvə, rəngbərəng şamlar, ləbləbi -
kişmiş, çətənəli, küncütlü, fındıqlı-qozlu qovurğa qoyarlar.Su
çərşənbəsində yaşlıları da unutmazlar. Onlar üçün qovurğadan qovut
çəkər, üstünə bəkməz və ya bal tökərlər.Xalq inancına görə, birinci
çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Bununla
da insanlar su ilə ünsiyyətdə oldu, ona qovuşurlar. Ümumiyyətlə,
saflıq, təmizlik rəmzi olan su həmişə müqəddəs hesab edilib. Su
çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı həmin
sudan içməlidir.Su çərşənbəsi həm də "əzəl çərşənbə" adlanır. Bu
çərşənbədə qızlar, gəlinlər sübh çağı çay, dəniz və ya bulaq başına
gedərlər. Axar su üzərindən hoppanmaq, nəğmə oxuya-oxuya
bir-birinin üstünə su çiləmək də inanclar sırasına daxildir. Su
çərşənbəsi günü hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü
yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır,
yaralıların yarasına su çiləyirlər. Xalqın inancına görə, su
çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər
il boyu xəstəlikdən uzaq olarlar.Qeyd edək ki, fevralın 24-də
Azərbaycanda ilk çərşənbə, martın 17-də isə axır çərşənbə qeyd
olunacaq. 2015-ci ildə Azərbaycan ərazisinə baharın gəlişi martın
21-də Bakı vaxtı ilə təxminən saat 02:45 radələrində baş verəcək.
Martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal
yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi
ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə
astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir. Günəş həmin
nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin
andan başlayaraq şimal yarımkürəsində astronomik bahar başlayır və
bu, iyun ayının 21-nə qədər davam edir. (APA)