Azərbaycanlını öldürənin istintaqı başa çatdı

24 Fevral 2015 11:12 (UTC+04:00)

Şübhəli zərərçəkmişi öldürərək suya atdığını bildirsə də, tibbi ekspertiza yaşlı kişinin boğularaq öldüyünü bildirib

Rusiyada ahıl yaşlarda olan azərbaycanlını öldürən 28 yaşlı Çita sakininin istintaqı başa çatıb.


Movqe.az-ın məlumatına görə, xəbəri Rusiya istintaq komitəsinin Kamçatka bölgəsi üzrə istintaq idarəsinin Elizovo şəhəri üzrə istintaq şöbəsi yayıb.


İstintaqın verdiyi xəbərdə qeyd edilir ki, insident 2014-cü ilin 28 sentyabr gecəsi, Elizovo şəhərində olan kafelərin birində, Polovinko gölünün sahilində baş verib.


Təqsirləndirilən şəxsin iddialarına görə, kafedə olan 53 yaşlı Azərbaycan Respublikası vətəndaşı mütəmadi olaraq bir qızı narahat edib. Bu zaman şübhəli, azərbaycanlını çölə çağırıb, başına çox sayda yumruq zərbəsi vuraraq onu çaya atıb.


Şübhəli zərərçəkmişi öldürərək suya atdığını bildirsə də, tibbi ekspertiza yaşlı kişinin boğularaq öldüyünü bildirib. "Bunun nəticəsində mexaniki asfiksiya (boğulma) yaşanıb və zərərçəkənin nəfəs yollarına suyun dolması ilə ölüm baş verib", - deyə ekspert rəyində bildirilir.


Xəbər verilir ki, cinayət işi ilə bağlı istintaq yekunlaşıb və məhkəmədə baxılması üçün iş prokurora yönləndirilib.