Millət vəkili kommunal qurumları qınadı

24 Fevral 2015 12:17 (UTC+04:00)

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında çıxış edən millət vəkili Elmira Axundova ötən həftə yağan qarın rayonlarda yaratdığı problemlərə toxunub. Movqe.az-ın parlament müxbirinin verdiyi xəbərə görə, millət vəkili bildirib ki, respublika inkişafadır: "Bununla belə kənd yerlərində enerji fasilələrlə verilir. Gecələr kəndlər işıqsız qalır. Ötən həftə yağan qar rayonlarda işıq məsələsini daha da aktuallaşdırdı. Dövlət orqanı enerji verilişi məsələsində aciz qaldı. Rayonlarda enerji verilişində fasilələr yarandı. Masallıdan başqa 103 kənddə enerji verilişini təmin edən xətlər, infrastruktur 1963-cü ildən qurulub.  Başqa rayonlarda da eyni vəziyyətdir. Salyanda, Cəlilabad da enerji verilişində problemlər oldu. Mən ümid edirəm ki, "Azərişıq"ASC-ə yeni təyin edilən sədr Baba Rzayev bu problem kökündən həll edəcək. Başa düşürəm ki, maddi texniki bazanı yeniləmək yüksək məbləğdə pul tələb edir. Amma enerji verilişində dayanıqlılığı təmin etmək vacibdir. Yağan qar isə ölkədə kommunal qurumların bu cür hava şəraitinə hazır olmadığını bir daha təsdiqlədi".

Elmira Axundova yağan qarın yollarda da gediş-gəlişdə çətinliklər yaratdığını vurğulayıb: " Masallıdan geri qayıdarkən rayonların kommunal təsərrüfat qurumlarının bu cür hava şəraitinə hazır olmadığının bir daha şahidi oldum. Qaradağa gedən yolda bir texnika, canlı qüvvə görmədim. Polis əməkdaşından başqa insanlara kömək edən heç kəs yox idi. Hesab edirəm ki, rayonların hərəsinə ən azı bir ədəd qar təmizləyən maşınların alınıb verilməsi vacibdir".