Özəl klinikalarda səhv cərrahiyyə əməliyyatlarının qarşısını almaq üçün deputatdan-TƏKLİF

24 Fevral 2015 13:16 (UTC+04:00)

Milli Məclisdə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi  və "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsinin müzakirəsi keçirilib. Movqe.az-ın parlament müxbirinin verdiyi xəbərə görə, müzakirə zaman millət vəkili Leyla Abdullayeva  ölkədə keyfiyyətli tibbi xidmətin təşkil edilməsi məqsədilə təkliflə çıxış edib: "Özəl tibb müəssisələrində bəzən cərrahiyyə əməliyyatlarının səhv aparılması halları baş verir. Bəzən özəl klinikalarda cərrahiyyə əməliyyatları səhv aparılır, hətta bu  ölüm hallarına belə gətirib çıxardır. Bu məsələ  məhkəmə çəkişmələrinə səbəb olur. Mən təklif edirəm ki, baş verən bu cür hadisələrin məhkəmə instansiyalarına qədər gedib çıxmasının qarşısını almaq  üçün tibb müəssisələrində aparılan cərrahiyyə  əməliyyatlarının məcburi video çəkilişi həyata keçirilsin".

L. Abdullayeva əlavə edib ki, bəzən keyfiyyətsiz tibbi xidmət üzündən pasiyent əziyyət çəkir: "Bu praktikanın tətbiqi həkimlərin məsuliyyətinin artırılmasına səbəb ola, pasiyentlərin keyfiyyətli tibbi xidmətinə, sağlamlıqlarının qorunmasına gətirib çıxarda bilər. Artıq beynəlxalq və yerli tibb müəssisələrində belə bir praktika var. Lakin, bu məcburi xarakter daşımadığından hüquqi əhəmiyyət kəsb etmir".

L. Abdullayeva təklif edib ki, cərrahi əməliyyatlara  məcburi video çəkilişə nəzarət funksiyası Səhiyyə Nazirliyinə verilə bilər.