Ünvanlı sosial yardımının müddəti uzadıldı

24 Fevral 2015 13:33 (UTC+04:00)

Azərbaycanda ünvanlı dövlət sosial yardımının müddəti 1 ildən 2 ilə qədər uzadılır.  Movqe.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişikliklər haqqında qanun layihəsində öz əksini tapıb. Komitə sədri Hadi Rəcəbli bildirib ki, təkilf olunan dəyişikliyə əsasən müvafiq qanunun 8.1-ci maddəsində "1 il" sözləri "2 il" sözləri ilə əvəz olunacaq: "Burada da əsas məqsəd vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial durumunun yaxşılaşdırılmasıdır. Əgər vətəndaşlar əvvəllər 6 ay, sonralar isə 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd düzəltmədən iki il bu hüquqdan istifadə imkanı əldə etmiş olacaqlar".

Digər millət vəkilləri də dəyişiklikləri müsbət dəyərləndirib.  Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.