BMT-dən Azərbaycana təklif: qadınlara xüsusi imtiyazlı kreditlər verilsin

24 Fevral 2015 16:15 (UTC+04:00)

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya üzrə Xüsusi Komitəsinin ekspertləri Azərbaycanda qadınlara xüsusi imtiyazlı kreditlərin verilməsini təklif ediblər.

Movqe.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "Trend"-ə bildirib ki, fevralın 18-də Azərbaycan Hökumətinin Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya dair V Dövri Hesabatı xüsusi Komitədə dinlənilib.

23 ölkənin ekspert, beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi iclasda müzakirələr zamanı BMT komitəsinin ekspertləri ötən illərdən indiyə qədər Azərbaycan qadın hüquqlarının müdafiəsi sahəsində aparılan islahatları müsbət qiymətləndiriblər. Beynəlxalq ekspertlər Azərbaycanda qadın hüquqlarının müdafiəsini və gender bərabərliyinin təmin edilməsi ilə bağlı tövsiyə və təkliflərini veriblər.

İclasda Azərbaycan hökumətinə məişət zorakılığının qarşısının alınması sahəsində, gender bərabərliyinin təmin edilməsi barədə qanunvercilikdə mexanizmlərin təkmilləşdirilməsi barədə tövsiyələr təqdim edilib.

Bununla yanaşı, iclasda Azərbaycan hökumətinə selektiv abortlarla mübarizənin gücləndirilməsi, "Reproduktiv sağlamlıq" haqqında qanunun qəbul edilməsi, erkən nikahlarla bağlı mexanizmlərin təkmilləşdirilməsi, qadınların irəli çəkilməsi sahəsində islahatlar aparılması, parlamentdə qadın deputatların sayının artması, sahibkarlıq fəaliyyəti sahəsində qadınların imkanlarının gücləndirilməsi, qadınlara xüsusi imtiyazlı kreditlərin verilməsi, qadınlara qarşı üfiqi və şaquli ayrı-seçkiliyin qarşısının alınması istiqamətində islahatların aparılması (qadınların bütün sahələrdə yüksək vəzifələrə irəli çəkilməsinə şəraitin yaradılması), ədliyyə sistemində qadınların öz hüquqlarından istifadə edilməsinə dair mexanizmin təkmilləşdirilməsi kimi məsələlər tövsiyə və təklif edilib.

Qeyd edək ki, hesabatda Azərbaycanda qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən yeni qanunvericilik aktları, milli maarifləndirmə kampaniyaları və digər məsələlər barədə məlumatlar öz əksini tapıb.

Ölkə hesabatın təqdim edilməsi məqsədilə AQUPDK-nın sədri Hicran Hüseynovanın rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunurdu.