Nazirlik toyuq dönəri ilə bağlı bir daha xəbərdarlıq etdi

24 Fevral 2015 17:49 (UTC+04:00)

"Toyuq dönərinin satışı ilə bağlı sanitariya qaydaları hazırlanır". Bunun movqe.az-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirdi. Onun sözlərinə görə, yeni normativ sənədlər hazırlanandan sonra toyuq dönərinin satışına yenidən baxıla bilər: "Ancaq hər kəsə icazə verilməyəcək. Gigiyena qaydalarına ciddi riayət edənlərə satışla məşğul olmağa icazə veriləcək. Çünki, bizim toyuq dönərinə tamamilə qadağa qoymaq fikrimiz yoxdur. Sadəcə, vətəndaşlar özləri də bilmədirlər ki, toyuq əti çox zərif hüceyrələrə malikdir deyə tez ən çox və tez çirklənən qidadır. Ona görə də toyuq dönəri təhlükəli hesab olunur. Ondan zəhərlənmə ehtimalı çoxdur. Lakin bu işdə ictimaiyyətin də köməyi olmalıdır. Vətəndaşların özləri toyuq dönəri almamalıdırlar. İnsanlarımız ancaq zəhərlənmə hadisəsindən sonra toyuq dönərindən uzaq dururlar. Hansı ki, belə hadisələr zaman-zaman olub. Hətta bir neçə il öncə 64 nəfər insanın zəhərlənməsi baş vermişdi".

Şöbə müdrinin sözlərinə görə, hazırda satışda toyuq dönərinin olmasını müəyyən qədər qanunlarda axtarmaq lazımdır: "Keçən ilin mart ayında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun qüvvəyə minib. Yoxlayıcı orqanlar həmin qanunun tələblərinə uyğun hərəkət edirlər. Qanuna görə, plana salınmış obyektlərdə yoxlamalar aparıla bilər. Plana isə konkret risk meyarları olan obyektlər salınır. İkinci halda isə sahibkarlardan şikayət daxil olduqda yoxlama aparıla bilər. Digər problem isə qanunda müəssisəsinin qapısının bağlama mexanizmi yoxdur. Ona görə də cərimə ödənilir, ancaq müəssisinən fəaliyyətini tam dayandırmaq mümkün olmur".