"AvtoVAZ" avtomobilləri ucuzlaşacaq

25 Fevral 2015 09:30 (UTC+04:00)

Rusiya hökuməti "AvtoVAZ", "KamAZ" i "QAZ" kimi şirkətləri fəal şəkildə məhsullarını xarici bazarlara çıxarmağa çağırıb. Artıq buna reaksiya verən "AvtoVAZ" cari ildə ixrac etdiyi avtomobillərin sayı 100 minə çatdırmağı düşünür. Şirkət üçün əsas satış bazarlarından biri kimi isə Azərbaycan göstərilir. Lakin indiki vəziyyətdə "AvtoVAZ" məhsullarının ölkəmizdə satışını sürətləndirmək üçün onun məhsullarının qiymətinin aşağı salınması vacib sayılır. Əks halda şirkət Azərbaycanda istədiyi həcmdə məhsulu çətin sata bilsin. Şübhəsiz ki, bu hal "AvtoVAZ"da da nəzərə alınır və istisna deyil ki, "AvtoVAZ"ın maşınları Azərbaycanda ucuzlaşsın.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov hesab edir ki, Rusiyadan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı fikirlər birmənalı deyil: "Çünki, Azərbaycnada avtomobil bazarında bu gün vəziyət elə də ürəkaçan deyil. Artıq bir ildən çoxdur ki, idxal həcmi azalır. Vaxtı ilə ölkəmizə ildə 100 mindən artıq nəqliyyat vasitəsi idxal edilirdi. Bu gün isə idxal olunan nəqliyyat vasitələrinin sayı 50-60 min civarındadır. Bunun da bir neçə səbəbi var. Birinicisi, ötən ildən etibarən ölkəmizə "Avro-4" standartına cavab verməyən nəqliyyat vasitələrinin idxalı dayandırıldı. Digər tərəfdən, vaxtı ilə avtomobil satışının tənzimləyən bank-kredit siyasəti var idi. Ötən il həm də Mərkəzi Bank kommersiya banklarına avtomobillərin kreditlə satıışının dayandırılması barədə tövsiyə verdi. Bunlar bilvasitə maşın bazarında satışa təsir edən amillərdən oldu. Digər ödəmə isə lizinq müqaviləsi əsasında idi. Amma lizinqlə satış elə də məşhur deyil. Lizinqlə ödənilən faiz dərəcələri bir qədər artıqdır. O, ödənilməyənə qədər mülkiyyət hüququ əldə olunmur. Bu da istehlakçıların maraqlarına ziddir. Nəticə etibarı ilə insanlar lizinqə üstünlük vermirlər. Son zamanlar manatın dəyərdən düşməsinin də buna təsiri var. Bu gün faktiki olaraq, bütün avtosalon mərkəzləri satış siyasətini dəyişir. . Çünki, rəsmi dilerlər manatla satış edir. Ancaq tabe olduğu şirkətə həmin vəsaiti dollarla ödəyirlər. Manatın məzənnəsi aşağı düşdüyündən satışı dayandırmağa və ya qiymətə korrektələr etməyə məcburdurlar. Bu da nəqliyyat vasitələrinin qiymətinin artmasına gətirib çıxardan amildir. Əgər manat 33% ucuzlaşıbsa, deməli, maşınların qiyməti də bu qədər artıb. Mərkəzlər hələ bundan da artığa sata bilərlər. Çünki, hələlik stabil məzənnə yoxdur. Düzdür, Rusiyanın bu addımı Rusiya üçün hansısa dividend gətirə bilər. Amma Azərbaycanda eyni zamanda dekabr ayından aksiz dərəcələri də qaldırıldı. Bundan bir qədər əvvəl isə vergi rüsumlarının artırılması baş vermişdi. Odur ki, nəticə etibarı ilə Rusiya istehsalı olan maşınların qiyməti bardə birmənalı fikir söylmək çətindir.

Bu fonda Rusiya istehsalı olan avtomobillərin idxalı artmayacaq. Çünki, bu gün Azərbaycan avtomobil bazarı durğunluq dövrünü yaşayır. Hazırda hər kəs gözləmə vəziyyətindədir. Valyuta məzənnəsi sabit olmalıdır ki, alqı-satqı əməliyyatları aparılsın. Düzdü, Rusiya bu addımı atsa, başqa ölkələrə ixrac edilən nəqliyyat vasitələrinin sayı arta bilər. Azərbaycanda da ola bilsin ki, bazarda Rusiya maşınlarının həcmi artsın. Amma bu, bütövlükdə bazarda maşınların həcminin artması demək deyil. Ola bilsin ki, Azərbaycanda dollarla əldə olunan nəqliyyat vasitələrinin sayı azalsın. Yəni, biri azalıb, digəri arta bilər".