Radikal müxalifət sıralarında yeni «yarpaq tökümü» başlanır

25 Fevral 2015 09:45 (UTC+04:00)

Radikal müxalif düşərgədə yer alan Müsavat Partiyasi ilə AXCP-dən istefalar davam edir. Artıq Müsavatın Beyləqan rayon təşkilatı sədrinin müavinləri və bir qrup üzvü partiyadan istefa verərək, Azad Demokratlar Partiyasına qoşulub. Belə ki, fevralın 22-də Beyləqanda Azad Demokratlar Partiyasının rayon təşkilatının formalaşması ilə bağlı yığıncaq keçirilib. Bir sıra Müsavat üzvləri də həmin yığıncağa qatılaraq təmsil olunduqları partiyadan istefa verdiklərini bəyan ediblər. Bəyanatı yayanlar arasında Müsavat Partiyası Beyləqan rayon təşkilatı sədrinin müavinləri Nadir Ələsgərli, Akif Nəsirli, Vaqif Cəmiloğlu, Vəkil Yelmaroğlu, Vəlyəddin Quliyev, Zahid Cabbarlı, Rahil Qəmbərli və digərləri olub. Onlar partiya başqanı Arif Hacılının siyasətinə etiraz olaraq belə qərar veriblər.

Bundan bir neçə gün öncə isə AXCP sədri tərəfindən müavini Razi Nurullayev də partiya sıralarından istefa verib və yeni şəxslərin də bu partiyanı tərk etməsi gözlənilir. Ümumiyyətlə, 2013-cü il prezident seçkilərindən üzü bəri bu iki radikal partiyanı çoxsaylı insanlar tərk edib. Müsavat Partiyasında istefa dalğası isə özünü daha çox keçən ilin avqustunda olan qurultayından sonra göstərməyə başlayıb. Həmin dövrdən indiyə kimi çoxsaylı gənclər bu təşkilatla əlaqələrini dayandırıb. Hətta partiyanın Tovuz rayon təşkilatından birdən-birə 400 üzv çıxmışdı. Ardınca yeni başqan Arif Hacılını qəbul etməyən bir qrup Azərbaycan və Demokratiya və Rifah Hərəkatını təsis etdi. Hansı ki, burada olan müsavatçılar partiya üzvü olaraq qalsalar da, əsas fəaliyyətlərini məhz hərəkatda aparırlar. AXCP-ni də bu müddət ərzində bir çox simalar tərk edib. Beləliklə, görürük ki, radikal müxalifətdə yarpaq tökümü davam edir. Özü də parlament seçkiləri ərəfəsində.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin fikrincə, bu istefalar radikal düşərgədə intellektual kəsimin tam olaraq yoxluğuna gətirib çıxaracaq: "Radikal müxalifətdən istefaları bu düşərgənin uğursuzluğu, burada olan "lidercik"lərin səbatsız siyasi fəaliyyətləri ilə bağlasaq, daha düzgün olardı. Artıq 23 il keçibdir ki, onlar müxalifətdədir. Bu müddət ərzində onların uğur qazanmaları bir yana qalsın, uğura yaxınlaşmaları belə müşahidə olunmayıb. İnsan da bir ay, bir il, uzağı 10 il aldanar. Amma ondan o tərəfi yoxdur. Hamının ailəsi var. Burada olan insanlar da oturub fikirləşir, ayılırlar ki, belə davam edə bilməz. Razi bəyin timsalında AXCP-dən uzaqlaşanları, Müsavatın Beyləqan təşkilatının istefa verən üzvləri timsalında Müsavat Partiyasına məxsus insanların tutduğu mövqeləri bu gün təqdir edirəm. Demirəm ki, hamı iqtidar tərəfdə olmalı, hamı mütləq şəkildə bizim qəbul etdiyimiz ideologiyanı qəbul etməlidir. Amma müxalifətdə də olanda perspektivli müxalifətin yanında olmaq lazımdır. Burada olanda da arzu və niyyətin heç olmasa nə vaxtsa reallaşacağı ehtimalını hesablamaq lazımdır. Bu gün Azərbaycan müxalifətində ikili təbəqə formalaşıb. Gənc yaşında bura gələn insanlar artıq pensiya yaşına çatıb. Ona görə də onlar daxilində seyrəlmələr baş verir. Onun da kökü 2003-cü ilin prezident seçkilərində İsa Qəmbərin məğlubiyyətə uğramasından sonra qoyuldu. Hazırda parlamentdə təmsil olunan bir çox insanlar vaxtilə Müsavatdan ayrılanlardır. Onlar arasında az olsa da intelektuallar vardısa, bu gün onlar da yoxdur. AXCP-də isə yeganə intelektual insan Razi Nurullayev idi. Əli Kərimlinin onu sərəncamla partiyadan çıxarmasını da tam normal hesab edirəm. Çünki, Əli Kərimliyə ağıllı, intelektual adam lazım deyil. Ona ancaq özü salona daxil olanda onu gurultulu şüarlarla alqışlayan insanlar lazımdır. Əli Kərimliyə kitab oxumayan, həbsə düşən insanlar lazımdır. Təki Əli Kərimli beynəlxalq təşkilatlardan qrantlar qazansın. Siyasi mənsubiyyət məsələsində hamı sərbəstdir. Heç kim diktə etmir ki, mütləq iqtidar kimi düşünmək lazımdır. 23 ildə müxalifət ya hakimiyyətə gəlməli idi, ya da üzü sulu-sulu siyasət səhnəsini tərk etməli idi".

Politoloq Məmməd Əlizadə qeyd etdi ki, radikallar artıq uşurum ərəfəsindədirlər: "Radikal müxalifət düşərgəsində istefaların olması gözlənilən haldır. Uzun illərdir uğursuzluqlar girdabından çıxa bilməyən qüvvələr sözsüz ki, məğlubiyyətə məhkumdurlar. Bunun nəticəsidir ki, Müsavatla AXCP ildən-ilə üzvlərini itirərək, daha da zəifləyirlər. Onu da qeyd edim ki, əvvəlki illərdə bu partiyalardan istefalar əsasən seçkilərdə uğursuzluqları ilə bağlı idi. İndi isə həm Müsavat, həm də AXCP-də baş qaldıran partiya sıralarından çıxmaların kökündə rəhbərlikdən narazılıq dayanır. Müsavat Partiyasının qurultayından üzü bəri yeni rəhbərliklə ondan narazı qüvvələr arasında çəkişmələr gedir. Bu çəkişmələr isə orada qalan insanları məyus edir və onlar çıxış yolu kimi partiyadan istefanı üstün tuturlar. Bu da onu göstərir ki, hər iki partiya rəhbəri doğru mövqe tutmayıb. Onların siyasəti partiyalarını daha ağır vəziyyətə düçar edir. Hadisələrin gedişi belə düşünməyə əsas verir ki, radikal düşərgədə belə istefalar hələ çox olacaq. Sözsüz ki, belə vəziyyət radikal düşərgənin vəziyyətinin daha kritik həddə çatmasına gətirib çıxaracaq. Yeni-yeni insanlar rəhbərliyə etiraz olaraq təşkilatları tərk edəcəklər. Bu birmənalıdır".