"Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir"
25 Fevral 2015 08:56 (UTC+04:00)
Serbiyanın "Evroazija.info" analitik xəbər saytında Xocalı
soyqırımından bəhs edən məqalə yerləşdirilib. Yazıda qeyd olunur
ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı
qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının
köməyi ilə Xocalıda törətdiyi qətliam nəticəsində 106 qadın, 63
uşaq, 70 qoca daxil olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə
yetirilib, şəhər darmadağın edilərək talanıb, dinc əhaliyə
amansızlıqla divan tutulub. Bu faktlar Xocalı soyqırımını bütün
bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olduğunu göstərir.
Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı xalqa
müraciətindən sitatların da yer aldığı məqalədə vurğulanır ki, son
iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına
mifik "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə
dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və
etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. Xocalı faciəsi
isə 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların
havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və
soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi oldu.
Yazıda diqqətə çatdırılır ki, ermənilərin azərbaycanlılara qarşı
törətdiyi soyqırımı aktları hələ XX əsrin əvvəllərindən başlayıb.
1905-1907-ci illərdə ermənilər Azərbaycan ərazilərində onlarla
genişmiqyaslı qanlı əməliyyatlar həyata keçirərək, azərbaycanlılara
məxsus yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan ediblər, minlərlə
azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər. Ermənilərin
azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı sonrakı
dövrlərdə də davam etdirilib. Tarixi Azərbaycan torpaqlarında
Ermənistan dövləti yaradıldıqdan sonra isə bu soyqırımı siyasəti
Ermənistan dövləti səviyyəsində davam etdirilib.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
məqamlara da toxunulur. Müəllif Dağlıq Qarabağın əzəli Azərbaycan
ərazisi olması ilə bağlı tarixi faktları, problemin kökləri,
səbəbləri ilə bağlı məlumat verərək diqqətə çatdırıb ki,
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20
faizi işğal olunub, bir milyondan artıq azərbaycanlı doğma
yurdundan didərgin düşərək məcburi köçkünə və qaçqına çevrilib.
Yazıda o da qeyd olunur ki, artıq dünyanın bir sıra ölkələrində
Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib. Sonda müəllif
oxucuları soyqırımı aktlarına, təcavüzkar separatizmə qarşı çıxmağa
və "Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq
təbliğat-təşviqat kampaniyasına dəstək verməyə çağırıb.