Prezidentin xalqa mesajı: Manatın məzənnəsi ilə bağlı yürüdülən siyasətin əsasları

25 Fevral 2015 14:35 (UTC+04:00)

Son bir neçə gün ərzində Azərbaycanda manatın məzənnəsi ilə bağlı yürüdülən siyasətin əsaslı olduğu bir daha aydın oldu.


Daha doğrusu, Azərbaycan Prezidenti İlham Əliyevin manatın məzənnəsinin ucuzlaşması səbəblərini sadə dillə aydınlaşdırması dövlətin iqtisadi-siyasi kursunun sabit olduğunu göstərdi.


Dövlət başçısının Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olduqdan sonra xəstəxananın kollektivi ilə görüşündəki çıxışı onu deməyə əsas verir ki, bu gün müasir Azərbaycan dövləti özünəməxsus inkişaf yоlu ilə gedir. Bu yolda atılan addımlar, verilən qərarlar düşünülmüş, uzaqgörən siyasətlə bağlıdır. Dövlət Azərbaycan xalqını mümkün risklərdən qoruyur, ölkədə sabitliyi möhkəmləndirir.


Prezident İlham Əliyev çıxışında xalqa açıq şəkildə mesajlarını verdi. Bu mesaj ondan ibarətdir ki, sosial siyasət Azərbaycanda həmişə olduğu kimi, prioritet məsələdir. Azərbaycan xalqının rifahı üçün dövlət tərəfindən sosial-iqtisadi layihələr gerçəkləşdiriləcək. Valyuta məzənnəsi ilə bağlı aparılan siyasət sosial məsələlərə daha çox vəsaitin xərclənməsinə, büdcədə problemlərin həllinə imkan verəcək.


Dövlət başçısının ikinci mesajı qonşu dövlətlərdə, regionda baş verən proseslərin Azərbaycana təsiri ilə bağlı oldu. Region dövlətlərində valyutaların məzənnəsində ciddi dəyişikliklər, neftin dünya bazarında kəskin ucuzlaşması Azərbaycanın bəzi korrektələr etməsinə səbəb oldu. Bu korrektələrə, sözsüz ki, Azərbaycanın gələcək nəsillərinin maddi rifahı naminə gedilməli idi. Bir neçə il öncə Avropa ölkələrində maliyyə böhranı yaşananda neftin dünya bazarlarındakı qiyməti Azərbaycana manatın məzənnəsini sabit saxlamağa maliyyə imkanı yaradırdı. Bu gün dünyada baş verən qlobal proseslər fonunda manatın məzənnəsinin sabit saxlanmasına külli miqdarda vəsaitin xərclənməsi ölkə iqtisadiyyatına zərbə ola bilərdi. Hələ 2008-ci ildə Qazaxıstan milli valyutasını 25-30 faiz ucuzlaşdırmaqla yarana biləcək risklərdən özünü qorudu. Bu cür misalları MDB-nin digər ölkələri üçün də çəkmək olar. Bu, iqtisadiyyatın qanunlarıdır. Həmin qanunlardan kənara çıxmaq sosial-iqtisadi problemlərə gətirib çıxara bilər.


Sual oluna bilər ki, bəs niyə manatın məzənnəsi tədricən ucuzlaşmadı? Dövlət başçısı bunun da səbəbini açıqladı. Məlum oldu ki, bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə ediblər. Nəticədə valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlayıb. Bu günlərdə hər gün bazardan minimum 500 milyon dollar alınırdı. Bu halda manatın məzənnəsində birdəfəlik qiymət dəyişikliyi labüdə çevrildi.


Prezident İlham Əliyevin üçüncü mesajı isə süni qiymət artımı ilə bağlı oldu. Bu məsələ xalqı daha çox narahat edirdi. Dövlət başçısının xəbərdarlığı bir daha əminlik yaradır ki, süni qiymət artıranlar cəzalandırılacaqlar. Necə ola bilər ki, ərzaq məhsulları əsasən Azərbaycanda istehsal edilir, lakin bu məhsullarda qiymət artmalıdır? Demək, bundan istifadə edəcək "işbazlar"ın cəzası ciddi olacaq. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi bəzi məhsullarda qiymət artımının qarşısını ala bilib.


Bütün bunlar onu göstərir ki, Prezidentin iradəsi ortadadır. Ölkəmizdə inkişafı təmin edən sağlam mühit, sağlam komanda var. İqtisadi və siyasi sahədə düşünülmüş addımlar atılır.