MTRŞ millət vəkilinə cavab verdi: "Bunu qadağan etmək olmaz!"

25 Fevral 2015 15:02 (UTC+04:00)

Milli Məclisin dünən keçirilən toplantısında millət vəkili Elmira Axundova ölkə telekanallarının ünvanına ciddi tənqid səsləndirib. Millət vəkili şadlıq saraylarının reklamının, habelə mətbəx verilişlərinin ləğv edilməsinin vacibliyini vurğulayıb. Şou verilişlərə dəvət alan qonaqların geyimindən də narazılığını dilə gətirən millət vəkili, bu cür geyimin insanlarda ikrah hissi yaratdığını bildirib. E.Axundova Milli Televiziya və Radio Şurasını (MTRŞ) da öz aktivliyini artırmağa səsləyib. Bununla bağlı Movqe.az-a açıqlama verən Milli Televiziya və Radio Şurasının ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə bəzi ittihamlarda həqiqət payının olduğunu vurğulasa da, MTRŞ-nin yayımçıların yaradıcılıq işinə qarışmaq səlahiyyətinin olmadığını deyib: "Efirdə problemlər əlbəttə ki, yox deyil. Xüsusilə bəzi yayımçıların efirinin müəyyən hissəsinin kommersiyalaşması, ictimai əhəmiyyət kəsb etməyən mövzuların müzakirəyə çıxarıldığı ucuz şoular, milli-mənəvi dəyərlərə, uşaq və yetkinlik yaşına çatmayanların inkişafına ziyan vura bilən hallarla bağlı problemlər də var. Bunlar Şuraya məlumdur. Qanun çərçivəsində həmin problemlərin aradan qaldırılmasına çalışılır. MTRŞ öz üzərinə düşən vəzifələri yerinə yetirir, daimi əsasda milli efirin monitorinqi və təhlili aparılır. Amma hər xoşumuza gəlməyən halın, verilişin efirlərdə göstərilməsini məhdudlaşdıra bilmərik. Yayımçılar yaradıcılıq işində sərbəstdirlər. Eləcə də tamaşaçı öz seçimində sərbəstdir. Efirdə şadlıq saraylarının da reklamı verilə bilər, mətbəx proqramları yayımlana bilər. Bunu qadağan etmək olmaz. Əgər şadlıq sarayları fəaliyyət göstərirsə və rəqabət aparırsa, mütləq reklamı da olmalıdır. Kanalların reklam mənbələrini məhdudlaşdırmaq yaxşı nəticə verməz. O ki, qaldı keyfiyyətli proqramlara, əlbəttə ki, kanallar buna çalışmalıdırlar. Cəmiyyətin, intellektual təbəqənin tələblərini ödəyən verilişlər hazırlanmalıdır. Ayrılmış vəsaitlə xeyli sayda serial çəkilib. Baxımlısı da var, baxımsızı da. Mövzu məsələsi də müzakirə oluna bilər. Amma yayımçıların hələ ki, dərin mövzulara meyil etməməsi faktdır. Ancaq əsas odur ki, milli efirimiz milli seriallardan ibarətdir".