ABŞ dolları ucuzlaşdırmağa başlayacaq

26 Fevral 2015 08:30 (UTC+04:00)

Dünya maliyyə bazarlarında ABŞ dollarının əksər valyutalara nisbətən dəyər qazanması okeanın o tayında getdikcə ciddi narahatlığa yol açır. Çünki bu vəziyyət ABŞ-ın ixrac imkanlarının azalmasına əsaslı surətdə təsir göstərir. Ümumiyyətlə, real mənzərənin təhlili göstərir ki, amerikalı iş adamları dolların məzənnə artımında maraqlı deyil. Çünki qeyd edildiyi kimi dolların məzənnəsinin kəskin bahalaşması ABŞ-ın ixrac qabiliyyətini aşağı salır ki, bu da orada istehsal olunan məhsulların ixrac zamanı qiymətini daha yüksək hala gətirir. Belə olan halda dünya bazarında ABŞ məhsulları rəqabətdə uduzmağa başlayır ki, bu da iş adamlarını sevindirmir.

Yaranan narahatlıq ABŞ Mərkəz Bankı tərəfindən də nəzərə alınır. Proseslər göstərir ki, ABŞ dolların məzənnəsinin ucuzlaşmasında indi daha çox maraqlıdır. ABŞ Mərkəz Bankının prezidenti Sanet Yellenin son açıqlamaları da bunu təsdiq edir. Yellen çıxışında Mərkəzi Bank təərfindən faiz artımının indilikdə olmayacağıın bildirir. Məlumat üçün bildirək ki, ABŞ Mərkəzi Bankının faiz dərəcələrini artırması dolları digər valyutalar qarşısında daha da bahalaşdıra bilər. Əgər faizlərin artırılması bu ilin ortasına deyil, ilin sonuna və gələn ilə qalarsa, dollar digər valyutalara qarşı ucuzlaşa bilər.

185 milyard dollarlıq "Carlyle" investisiya fondunu idarə edən Devid Rubenşteyn bildirir ki, ABŞ Mərkəzi Bankı payıza qədər faiz artırmayacaq: "ABŞ Mərkəzi Bankı məşğulluq bazarı və dollarda möhkəmlənməyə yönələn narahatlıqlar səbəbilə payıza qədər faizin artırılması qərarı verməyəcək. Dolların indiki məzənnə səviyyəsi ABŞ Mərkəzi Bankının istədiyindən daha yüksəkdir. Eyni zamanda, Mərkəzi Bank rəsmiləri dolların möhkəmlənməsini istəmədiklərini bir müddət əvvəl də demişdilər".

Əslində, güclü dollar ABŞ-a sürətlə zərər vurmaqda davam edir. Məsələn, dollar ABŞ-ın ixrac etdyi məhsulların həcmini azaldır. Enyi zamanda dollarngüclənməsi neftin qiymətini daha da aşağı salır. Neftin ucuzlaşması isə artıq ABŞ-da enerji sektorunda çalışan xeyli sayda şirkətin fəaliyyətini dayandırasına səbəb olub. Vəziyyətin təhlili göstərir ki, ucuzlaşan neft təkcə hasilatçı ölkələr yox, Qərb ölkələri, o cümlədən ABŞ üçün də problemə çevrilir. Son bir neçə ay ərzində yanacaq qiymətləri azaldığına görə, enerji istehsalının ən çox olduğu Texas daxil olmaqla, Amerika Birləşmiş Ştatlarının bəzi yerlərində qazma əməliyyatları zəifləyir. Xatırladaq ki, son illərdə Texasın mərkəzi cənubunda yerləşən "Eagle Ford" şist yatağındakı ehtiyatların kəşf olunması nəticəsində Texasın enerji istehsalı artıb. Lakin yanacaq qiymətlərinin azalması artıq burada ciddi narahatlıq yaradır. Çünki "Eagle Ford" şist yatağının qazılması nəticəsində buradakı şəhərlər sürətlə inkişaf edirdi. Lakin azalan yanacaq qiyməti yeni layihələrin dayanmasına səbəb olub. Amerikalı ekspert Helen Hernandez bu xüsusda qeyd edir: "Hər il sərmayədarlar il ərzində neçə neft buruğu inşa edəcəklərini proqnozlaşdırır. Bu il isə onlar buruqların sayını ikiqat azaldıb". Bəzi şirkətlər artıq işçiləri ixtisar etməyə başlayıb. Amerika neft şirkətləri 352 qazma qurğusunun fəaliyyətini dayandırıb. ABŞ-da qazma qurğularında işləyənlərin sayı son üç ildə minimum səviyyəyə qədər ixtisar edilib. Bütün bunların əsas səbəblərindən biri də məhz güclənən dollardır. Elə bu səbəbdən vəziyyətdən çıxış yolu kimi ABŞ-ın dolların ucuzlaşması üçün fəaliyyətə keçməsi gözlənilir.

Təbii ki, dolların ucuzalşması Azərbaycanda da mütləq şəkildə özüün göstərəcək. Qeyd edək ki, milli valyutamızın məzənnəsi əsas etibarı ilə dollara hədəflənib. Bu fonda dolların yenidən dəyərdən düşməsi qaçılmaz olacaq. Lakin bu ucuzlaşmanın tədricən baş verməsi məqbul sayılır. Ən azından ölkədə ixrac həcmini artırmaq üçün manatın dollar və avroya nisbətən məzənnəsinin hələ müəyyən müddət aşağı olmasına ehtiyac var. Bütün hallarda isə valyuta bazarlarındakı dəyişikliklərdən asılı olmayaraq, Azərbaycanda iqtisadi təərqqinin davkam edəcəyi proqnozlaşdırılır. İqtisadçı-ekspert Vüqar Bayramov bu xüsusda bildirir: " Azərbaycanda dövlət rezervinin həcmi 50 milyard dollardan çoxdur, bu, bütövlükdə, ümumdaxili məhsulun 70 faizə yaxını təşkil edir. Azərbaycanın xarici borcu ÜDM-in cəmi 8%-ni təşkil edir, yəni bu o deməkdir ki, Azərbaycanın dövlət rezervi onun xarici borcundan 8 dəfə çoxdur. Yəni tam əminliklə demək olar ki, Azərbaycan praktiki olaraq özünü baş verə biləcək bütün qlobal və regional böhranlardan sığortalaya bilib". Dövlət rezervlərinin həcmi, həmçinin xarici borcun ÜDM-dən dəfələrlə az olması, qeyri-neft sektorunun payının ÜDM-də 2015-ci ildə 65%-ə qədər yüksəlməsi əslində Azərbaycan hökumətinin iqtisadi sahədə düzgün siyasətindən xəbər verir.