Sauna ürək xəstəlikləri riskini azaldır

26 Fevral 2015 09:03 (UTC+04:00)

Şərqi Finlandiya Universitetinin alimləri bu nəticəyə gəliblər ki, müntəzəm olaraq saunaya getmək orta yaşlı kişilərdə ürək tutmaları riskini 63% azaldır.

Tədqiqatda Finlandiyada yaşayan 42-60 yaşlarında 2000 nəfərdən çox kişi iştirak edib. Onların səhhəti 21 il ərzində müşahidə edilib. Bu vaxt müddətində 190 nəfər ürəklə bağlı problem səbəbindən vaxtından əvvəl vəfat edib, 281 nəfər ürəyin işemik xəstəliyindən, 407 nəfər ürək-damar xəstəlikləri nəticəsində və 929 nəfər müxtəlif səbəblərdən ölüb.

Bütün məlumatların analizi göstərib ki, müntəzəm olaraq saunaya gedən kişilərdə risklərin bir qismi digərlərinə nisbətən az olub. Belə ki, kəskin ürək çatışmazlığı riski həftədə 2-3 dəfə saunaya gedən adamlarda 22%, həftədə 4-7 dəfə saunaya gedənlərdə isə 63% azalıb. Analoji statistika işemik xəstəliyi olan adamlar üçün də səciyyəvidir: həftədə saunaya 2-3 dəfə getmək ölüm riskini 23%, 4-7 dəfə getmək isə 48% azaldıb. Ürək-damar xəstəliklərindən ölüm riski isə birinci halda 27%, ikinci halda 50% azalıb. Və insan saunada nə qədər çox qalıbsa, müqaviməti bir o qədər çox olub. Düzdür, bu cür təzahürə nəyin təsir göstərdiyini alimlər hələ müəyyən edə bilməyiblər- bunun üçün əlavə tədqiqatlar keçirmək lazımdır. Bu, saunadakı istiliklə, boşalma imkanı və ya gündəlik olaraq saunada vaxt keçirməyə imkan verən kifayət qədər rahat həyatla bağlı ola bilər.

Finlandiya üçün sauna təkcə yuyunmaq üçün yer deyildir. Fin atalar sözündə deyilir: "Əvvəl sauna tik, sonra ev". Orada saunaların sayı avtomobillərin sayından çoxdur. Saunalar bütün yaşayış evlərində, ofislərdə, hökumıt binalarında vardır.

Saunaya getmək finlərdə dişləri yumaq və ya qəhvə içmək kimi gündəlik işdir.