Banklar əhalidən daha çox vəsait cəlb etmək imkanı qazanır

26 Fevral 2015 09:40 (UTC+04:00)

Rəşad Həsənov: "Bu proses banklardan əmanətlərin geri çağırılması prosesini nisbətən zəiflədə bilər"


Əmanətlərin Sığortalanması Fondunun müvafiq qərarı ilə fevralın 24-dən etibarən, qorunan əmanətlərin maksimum faiz dərəcələri 9%-dən 12%-ə qaldırılıb. Maraq doğuran odur ki, belə vəziyyətdə banklara qoyulan əmanətlərin həcmi arta bilərmi?

İqtisadçı ekspert Məhəmməd Talıblı bunun baş verə biləcəyini inandırıcı saymır: "Fond bununla ona çalışmaq istəyir ki, əmanətlərin cəlb olunma miqdarı artsın. Çünki, indi daha çox vətəndaş əmanətlərini banklarda faiz gəlirlərinə oturtmaqdandırsa, gözləmə mövqeyi turmağı daha üstün hesab edir.

Çünki, əmanətlərin sığortalanması üçün bəlkə də indiki halda banklar münasib məkan deyil. Məncə, banklarda əmanətlərin həcmi artmayacaq, amma valyuta səbətlərindəki konvertasiyadan gəlir götürmək imkanı indi daha çoxdur, nəinki əmanətlərin faizlərindən".

Ekspert Yaşar Əsədov bu addımın banklara qoyulan əmanətlərin həcminin artmasına gətirib çıxaracağını bildirdi: "Hazırda bank sistemində nə baş verdiyini izah etmək bir qədər çətindir. Hər halda depozit üzrə faiz dərəcələrinin yüksəldilməsi nəzəri cəhətdən əhalinin əlində olan sərbəst pulların banklarda saxlanılmasına yönəlməlidir. Müəyyən mənada bu addımla əhalini əllərindəki vəsaitləri banklarda saxlamağa sövq edirlər. Cəhd edirlər ki, insanlar sərbəst vəsaitlərini daha çox istehlaka yox, depozitə qoymağa meylli olsunlar".

Ekspert Rəşad Həsənov isə qeyd edir: "Bundan əvvəl əmanətlər üzrə faizlərin vergiyə cəlb olunması haqqında qərar qəbul edildi. Digər tərəfdən, devalvasiya baş verirsə, insanlar bankda vəsaitlərini illik 9 faizlə saxlamaqda maraqlı görsənmirlər. Yaranmış situasiyada banklar məcbur idi ki, sığortalanan şərtlər daxilində deyil, sığortalanmayan şərtlər daxilində daha çox əmanət cəlb etsinlər. Banklar son dövrlər yüksək faizlərlə əmanətin cəlb edilməsində ciddi reklam kampaniyalarına başlamışdı. Bu isə son nəticədə gətirib ona çıxaracaqdı ki, artıq əmanətlərin tərkibində sığortalanan əmanətlər kifayət qədər azalacaqdı. Belədə hər hansı bir ciddi problem yarandıqda, vətəndaşlar da kütləvi şəkildə itkilərə məruz qalacaqdılar. Onlar banklarda əmanətlərini

bank sektoruna çox çətinliklə yaranan inam nəticəsində yerləşdirmişdilər. Bu şərtlər nəzərə alınaraq, düşünürəm ki, əmanətlərin sığortalanması üçün faiz dərəcələri artırıldı. Lakin

düşünmürəm ki, bundan sonrakı dövrdə əmanətlərin məbləği artsın. Bu proses ən yaxşı halda, banklardan əmanətlərin geri çağırılması prosesini nisbətən zəiflədə bilər. Lakin əvvəlki dövrlərdə baş verən artım tendensiyası müşahidə edilməyəcək. Vətəndaşlar üçün faiz dərəcəsinin 12 faizə qaldırılması sərfəlidir. Gələcək risqlərdən bu, insanları qoruyur. Əmanətlərin azalması tempini də ləngidir".