Azərbaycana qonşu ölkələrin pulları sürətlə dəyərdən düşür

26 Fevral 2015 09:50 (UTC+04:00)

Məlumdur ki, hazırda əksər ölkələrin milli valyutasının məzənnəsində ucuzlaşma prosesi gedir. Manatla bərabər qonşu ölkələrin valyutalarında da kəskin dəyərsizləşmə müşahidə edilməkdədir. Məsələn, Gürcüstanda lari xeyli ucuzlaşıb. Türkiyədə də ölkənin milli valyutası lirənin məzənnəsində ucuzlaşma müşahidə olunur. Rusiya rublu isə əvvəlki kimi sürətlə dəyər itirir. İran rialı barədə də eyni sözləri söyləmək mümkündür.

Ekspertlər bildirirlər ki, bu vəziyyətdə Azərbaycan ilə qonşu ölkələrin ticari əlaqələrində də dəyişiklik ola bilər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, dollar yalnız qonuş ölkələrin valyutaları qarşısında yox, eyni zamanda bütövlükdə dünyada, inkişaf etmiş ölkələrin valyutaları, hətta dolların əsas mübadilə olunduğu avronun qarşısında belə möhkəmlənir: "Nəzərə alaq ki, son bir ildə avronun məzənnəsi 17% aşağı düşüb. Bu, dolların dünya bazarında kəskin möhkəmlənməsi anlamına gəlir. Dolların dünya bazarında kəskin möhkəmlənməsi birmənalı olaraq məhz qonşu ölkələrin valyutalarının dəyərinin aşağı düşməsinə gətirib çıxarıb. Dolların möhkəmlənməsi fonunda regionda idxal-ixrac əməliyyatlarında müəyyən dəyişiklər müşahidə edilməkdədir. Dolların möhkəmlənməsi və milli valyutaların dəyərdən düşməsi birmənalı olaraq imkan verir ki, həmin ölkələr ixrac imkanlarını artırsınlar. O baxımdan qonşu ölkələrdə valyutaların dəyərdən düşməsi Azərbaycan üçün vacibdir. Düzdür, Azərbaycan çalışır ki, qonşu ölkələrin, xüsusən də Rusiya bazarında Türkiyə və İran məhsullari ilə rəqabət aparmağa malik olsun. Artıq ona görə də region bazarında məzənnə siyasəti ilə savaş gedir. Ölkələr məzənnə siyasəti ilə öz məhsullarını ucuzlaşdırmaq və bununla da daha çox məhsul satmağa çalışırlar. Bu da artıq hiss edilməkdədir. Ona görə də hətta bəzi ölkələr öz məzənnələrini davamlı olaraq aşağı salmağa çalışırlar ki, onların istehsal etdikləri məhsul dünya bazarında daha ucuz olsun. Güman olunur ki, manatın məzənnəsinin düşməsi də xüsusən Rusiya bazarına daha çox ixrac etmək məqsədi daşıyır. Çünki, manatın məzənnəsinin aşağı salınmasında məqsəd ixracatın stimullaşdırmaqdır. Amma qonşu ölkələrin valyutalarının məzənnəsinin azalması göstərir ki, region ölkələrdə bazarda paya malik olmaq və rəqabət aparmaq getdikcə daha da çətinləşir".

İqtisadçının fikrincə, qonşu valyutaların ucuzlaşmasına baxmayraq, Azərbaycanın idxal strukturunda ciddi dəyişiklərin olacağı düşünülmür: "Eyni payın qorunub saxlanılması gözlənilir. Azərbaycana idxalda Rusiya əsas paya malik olan ölkələrdən birincisidir. Yenə də Rusiya və Türkiyənin idxalda payı yüksək olaraq qalacaq. Hətta Rusiyanın payında artımların olcağı da istisna edilmir. Çünki, rubl daha çox ucuzlaşıb. Amma nəzərə alsaq ki, sanksiyalar Rusiyada istehsalın müəyyən qədər azalmasına gətirib çıxarıb. O baxımdan idxalın strukturunda ciddi dəyişikliyin olacağı gözlənilmir".