Kirayə müqavilələrinin yoxluğu ilə büdcədən milyonlar yayındırılır

27 Fevral 2015 09:40 (UTC+04:00)

Ölkədə, xüsusən də Bakı şəhərində xeyli sayda kirayə evlərdə qalan insanlar da var. Bu sahədə maraqlı bir məqam ondan ibarətdir ki, əksər hallarda ev sahibi ilə kirayənişin arasında müqavilə bağlanmır. Ev sahibi gəlir kimi götürdüyü kirayə haqqından müəyyən həcmdə vergi ödəməkdən qaçmaq üçün buna getmir. Kirayənişin də nədənsə bunu ev sahibindən tələb etmir. Bunula da mənzillərin satışından əldə olunan gəlir də vergiyə cəlb olunmur. Maraqlıdır, kirayə müqavilələri nədən rəsmiləşdirilmir, onların vergiyə cəlb olunması niyə uzanır? Bundan büdcə nə qədər itirir?

Əmlak Ekspert Mərkəzininn əməkdaşı Rövşən Talıbzadənin fikrincə, prosesin uzanma səbəbi evlərini kirayəyə verənlərin buna görə vergidən yayınmaları ilə bağlıdır: "Kirayə müqaviləsi zamanı vergiyə cəlb olunmaq maddəsi vergi qanunvericiliyində öz əksini tapıb. Amma bu ildən etibarən artıq onun tətbiqi prosesinə başlanılır. Bu vaxta qədər isə mexanizmlərin olmaması, reyestr məlumatının yoxluğu səbəbindən qanunun bu maddəsi həyata keçirilmirdi. Bundan sonra isə artıq o müqavilələrin notarius şəklində qeydə alınacağı və burada bağlanan müqavilələrin vergi kadastrında öz əksini tapması gözlənilir. Bundan sonra da həmin kirayəçilərdən vergiləri almaq, yəni yaranan vergi öhdəliyini tutmaq mümkün olacaq. Prosesin uzanma səbəbləri evlərini kirayəyə verənlərin vergidən yayınma niyyətilə bağlıdır. Bəzi hallarda evlərini kirayəyə verənlər bunu müqavilə olmadan, şifahi razılıqla həyata keçirirlər. Ya da öz aralarında bağlanan müqaviləyə daha çox üstünlük verirlər. Bu da vergidən yayınma xarakteri daşıyır. Yəqin, bu sahədə də müntəzəm olaraq maarifləndirmə işləri aparmaq lazımdır ki, müqavilələr notariat qaydada təsbit olunmadıqda istər kirayə götürən, istərsə də kirayə verən üçün hansı fəsadlar yarada biləcəyi bilinsin. Bu istiqamətdə maarifləndirmə işlərinə böyük ehtiyac var ki, vətəndaşlar bunu öz aralarında deyil, notariat qaydada həyata keçirsinlər. Notariat qaydada təsdiqini tapandan sonra artıq vətəndaş vergi öhdəliyindən yayınmayacaq".

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirdi ki, kirayə verənlərin və mənzil satılarkən əldə olunan gəlirin vergidən yayınması baş verən prosesin çox zaman reyestrdən qeydiyyatdan keçirilməməsilə bağlıdır: "Evlərini kirayəyə verən insanlar bir çox hallarda özlərinə VÖEN açdırıb qeydiyyatda durmurlar. Belədə, Vergilər Nazirliyi həmin xətlə də prosesə nəzarət edə bilmir. Fikir verirsinizsə, Vergilər Nazirliyi vergidən yayınma hallarının sayını ilbəil azaldır. Fikirləşirəm ki, hələlik kirayə haqları və mənzilin satışından əldə olunan gəlirdən vergi tutmağa əlləri çatmayıb. Amma yəqin ki, yaxınlarda bu seqmenti də nəzarətə götürəcək. Belədə, demək olar vergidən yayınmanın sayı azalacaq. Bakı şəhərində mənzil fondunun 6-8 faizi kirayəyə verilir. Bakıda 700 min mənzilin olduğunu və onun da 8 faizinin kirayəyə verildiyini nəzərə alsaq, bu, hardasa 56 min mənzilin kirayəyə verilməsi deməkdir. Onu da orta kirayə qiyməti 400 manata vurduqda, 22,4 milyon manat edir. Bundan isə gəlir vergisi ödənilməlidir".