Zəlzələ barədə erkən xəbərdarlıq sistemi hazırlanır

27 Fevral 2015 09:50 (UTC+04:00)

Filippinin hakim dairələri zəlzələlərin proqnozlaşdırılması və erkən xəbərdarlıq sisteminin işini təkmilləşdirmək niyyətindədir. Bu barədə Maniladakı Vulkanologiya və Seysmologiya Milli İnstitutunun direktoru Renato Solidum məlumat verib.

"Ölkənin bütün ərazisində zəlzələlərin intensivlik dərəcəsini ölçən təqribən 100 xüsusi sensorlu ötürücünün quraşdırılması işi başa çatdırılıb. Yaxın illərdə Filippində bu cür sistemlərin sayı 300-ə çatırılacaq"- Solidum qeyd edib.

Onun sözlərinə görə, bu sistem sayəsində, böyük ehtimalla, əvvəlcədən zəlzələlərin gücünü proqnozlaşdırmaq və onların nəticələrini minimuma endirmək üzrə tədbirlər görmək imkanı yaranacaq.

Qeyd edək ki, Filippin arxipelaqı, necə deyərlər, seysmik baxımdan fəal olan Sakit okean alov halqasına daxildir. Hər il baş verən təbii fəlakətlər, ilk növbədə, zəlzələ və vulkan püskürmələri ölkəyə milyonlarla dollar miqdarında ziyan vurur.