Ermənistan bu cür qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan sülh danışıqlarını heçə endirir
7 Avqust 2012 16:54 (UTC+04:00)
"Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icması" İctimai Birliyi Suriyada yaşayan ermənilərin
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə
köçürülməsi barədə Ermənistan mətbuatında verilən məlumatlarla
bağlı etiraz bəyanatı verib. Birlikdən APA-ya daxil olan bəyanatda bildirilir:
"Son vaxtlar Suriyadakı vəziyyətlə əlaqədar rejimə dəstək verən
ermənilər baş verəcək hadisələrin qorxusundan ölkədən qaçır,
Ermənistanda isə onların Azərbaycanın işğal altındakı ərazilərində
yerləşdirilməsi məsələsi müzakirə olunmaqdadır. Verilən məlumatlara
görə, onların Qarabağda yerləşdirilməsi üçün "Yenidən məskunlaşma
üzrə İctimai Şura" yaratmaq, suriyalı ermənilərin işğal altındakı
bölgələrdə düşərgə formasında məskunlaşdırılması təklifləri irəli
sürülüb. Bütün bunlar Azərbaycan xalqının, o cümlədən Dağlıq
Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb
olub bu təşəbbüslər "Azərbaycan Respublikasının Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin
iclasında geniş müzakirə olunub və qətiyyətlə pislənib".
Qeyd olunub ki, Dağlıq Qarabağ bölgəsində tarixən yaşamış
azərbaycanlılar, bu süni "məskunlaşdırma" siyasətini Azərbaycan
Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud
şəkildə pozulması ilə yanaşı, Azərbaycan torpaqlarında erməni
tərkibinin süni şəkildə artırılması təşəbbüslərini məqsədyönlü
addım kimi qiymətləndirir: "Yəni, Ermənistan hakimiyyəti belə hesab
edir ki, Suriya ermənilərinin Qarabağa köçürülməsi bölgənin milli
tərkibinə müəyyən qədər təsir göstərə bilər ki, bu isə erməni
millətçilərinə Qarabağda ermənilərin azərbaycanlılardan guya daha
çox olduğunu əsas gətirərək, müxtəlif iddialarla çıxış etmək imkanı
verə bilər. Heç şübhəsiz ki, Suriyadan köç edən ermənilər daha çox
kasıb və ya orta təbəqədən olan insanlardır. Bu səbəbdən,
Azərbaycan ərazilərini 20 ildir ki, işğal altında saxlayan və xalqı
səfalət içində yaşadan Ermənistan hakimiyyəti hesab edir ki,
Suriyadan qaçan ermənilər Dağlıq Qarabağa köçürülə və orada
məskunlaşdırıla bilər. Bu baxımdan Qarabağa köçən Suriya
ermənilərinə isə Ermənistan hökuməti tərəfindən müəyyən güzəştlər
və yardımlar edilir. Biz hesab edirik ki, Ermənistan özünün belə
qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
yolunda ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh
danışıqlarını, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq
yaratmaq təşəbbüslərini və icmalar arasındakı dialoq imkanlarını da
heçə endirir. Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş
ərazilərindəki tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin
etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş
cinayətkar qurumdur. Hesab edirik ki, Ermənistanın mövcud
status-kvonu imkan qədər uzatmaq və öz işğalçılıq siyasətini
ört-basdır etmək məqsədi ilə əvvəllər də müxtəlif vaxtlarda bəzi
ölkələrdən, eləcə də son zamanlar Suriyadan ermənilərinin Qarabağa
köçürülməsi təşəbbüsləri nəinki təkcə danışıqlar prosesinə, həm də
bölgənin gələcək statusuna və inkişafına çox ciddi zərbə vurur.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu
bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq
birlik tərəfindən kəskin şəkildə qınanılacaq, bu ölkənin süni
"məskunlaşdırma" və işğalçılıq siyasətinə son qoyulması üçün ən
təsirli tədbirlər görüləcək".