“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı fəaliyyətini dayandırıb

27 Fevral 2015 12:36 (UTC+04:00)

Xəbər verildiyi kimi, "KarabakhİNFO.com" beynəlxalq elektron jurnalı fəaliyyətini dayandırıb. Saytın fəaliyyətini dayandırmasına səbəb isə maliyyə çatışmazlığıdır. Bu barədə saytın əməkdaşları bizə məlumat verdi. Əməkdaşların bildirdiyinə görə, "KarabakhİNFO.com" saytı 3 ildən çox idi ki, fəaliyyət göstərirdi. Bu sayt 10 əcnəbi dildə Qarabağ həqiqətlərini beynəlxalq arenaya yayırdı: "Bu gün ölkədə sırf Qarabağ problemini yayan, Qarabağ həqiqətlərini ictimaiyyətə çatdıran yeganə sayt "KarabakhİNFO.com" idi. Bu saytın fəaliyyətinin davam etməməsi üçün maliyyə yoxdur bəhanəsini əsas gətirərək saytı bağladılar. Maraqlıdır, yaralı yerimiz olan Qarabağın adını daşıyan sayta pul tapılmır. Saytın bağlanması barədə xəbər Ermənistan mətbuatında yer alıb. Ermənilər Xocalını qələbə kimi qeyd etdiyi bir günde saytın bağlanmasi ilə də qələbə etdilər. Acınacaqlı məqam odur ki, "KarabakhİNFO.com" saytı 26 fevral tarixində Xocalı faciəsi günündə bağlandı".

Qeyd edək ki, sosial şəbəkədə "KarabakhİNFO.com" beynəlxalq elektron jurnalının bağlanması böyük ajiotaja səbəb olub. Tanınmış ictimai xadimlər, elm adamları, incəsənət nümayəndələri, media işçiləri "KarabakhİNFO.com"-un bağlanmasına öz etirazı bildiriblər. Hətta Türkiyə vətəndaşları belə "KarabakhİNFO.com"-un bağlanması xəbərini kədərlə qarşılayıblar.