Səbail rayonunda Beynəlxalq Mülki Müdafiə günü münasibəti ilə maarifləndirici tədbir keçirilib

27 Fevral 2015 15:25 (UTC+04:00)

1 Mart - Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı ənənəvi olaraq Səbail rayonunda silsilə tədbirlər keçirilir. Bu münasibətlə rayonun Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə Səbail rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Səbail rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici xarakterli tədbir keçirilib. Movqe.az xəbər verir ki, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları MM İdarəsinin, nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin, Səbail rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları, rayon Ağsaqqallar və Veteranlar təşkilatlarının, Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri 236 saylı orta məktəbin direktoru, əməkdar müəllim Xanlar İmaməliyev açıq elan edərək tədbirin keçirilmə məqsədi barədə danışmışdır.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev bildirmişdir ki, Beynəlxalq Mülki Müdafiə günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul olunmuş və bir sıra tədbirlər hazırlanmışdır. Buna uyğun olaraq rayonun bir çox idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində mararifləndirici xarakterli tədbirlər keçirilir.

FHN Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev, Səbail rayon Fovqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkivnik-leytenant Nazir Əkbərov tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdilər ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.

Çıxışlardan sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olundu və həyəcan siqnalı verildi. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagird kontingenti 4 dəqiqə ərzində məktəb binasından təxliyə olundu. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlandı. Əvvəlcə "112" qaynar telefon xəttinə məlumat verildi.

Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan yaralılar həyətə çıxarıldılar. Onlara ilkin tibbi yardım göstərildi və təcili yardım maşınları ilə xəstəxanalara aparıldılar. Yanğın zamanı yanğınsöndürmə manqasının üzvləri tərəfindən yanğın lokalizə edilərək söndürüldü. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edildi. Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış keçirildi.

Sonra məktəbin siniflərində maarifləndirici açıq dərslər keçirildi. Açıq dərslərdə şagirdlərə əyani vəsaitlər və video filmlər nümayiş olundu, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.