Azərbaycan Ermənistanın dəmiryolu xətlərini tam iflic vəziyyətinə gətirəcək…

28 Fevral 2015 09:00 (UTC+04:00)

Qonşu Gürcüstanın iqtisadiyyatına Azərbaycan tərəfindən böyük həcmdə investisiya yatırlması iki ölkeə arasında iqtisadi əlaqələrin daha güclü hala gəlməsinə səbəb olan əsas amillərdən hesab edilir. Xatırladaq ki, Azərbaycan Gürcüstan üçün ən böyük xarici investorlardan biridir. Hazırda Azərbaycan bu ölkədə müxtəlif sahələrə. o cümlədən enerji infrastrukturuna ən çox sərmayə yatıran ölkələr sırasında ilk beşliyə daxildir.

Eyni zamanda Gürcüstan üçün əsas kreditor ölkələrdən yenə Azərbaycandır. Xatırladaq ki, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin çəkilişi üçün Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi məqsədilə bu ölkənin "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə ilk mərhələdə güzəştli şərtlərlə, yəni illik 1 faizlə 25 illiyə 200 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 kilometr uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunub.

Bundan başqa, Axalkalakidən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkalaki sahəsində 160 kilometrlik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün ölkəmiz Gürcüstana 25 il müddətinə illik 5 faizlə 575 milyon dollar həcmində əlavə vəsait ayırıb. Ayrılmış vəsait hesabına Bakı-Tiflis-Qarsın Gürcüstandan keçən hissəsi demək olar ki, hazırdır.

Bu arada dəmiryolu xəttil əbağlı Azərbaycan Gürcüstana əlavə vəsait ayıra bilər. Daha doğrusu, dövlət mülkiyyətində olan dəmir yollarının səhm paketinin bir hissəsini ala bilər. Qeyd edək ki, Gürcüstanın iqtisadiyyat naziri Georgi Kvirikaşvili ölkədə başlayan iqtisadi böhranla mübarizə üçün ölkənin dövlət mülkiyyətində olan dəmir yollarının minoritar səhm paketinin satılmasının nəzərdən keçirildiyini bəyan edib: "Biz dövlət dəmir yolları şirkətinin səhmlərinin 25 faizini sata bilərdik". Gürcüstanın dəmir yollarının cəmi uzunluğu Tiflisin nəzarətindən çıxan Abxaziyadan keçən hissəsi də daxil olmaqla 2340 kilometrdir. Dəmir yolunun Rusiya və Ermənistanı birləşdirən Abxaziya hissəsi 1992-1993-cü illər müharibəsindən sonra işləmir. Hazırda Gürcüstan dəmir yollarından ildə 20 milyon tona yaxın yük daşınır, maksimal daşınma gücü 30 milyon tondur.

Lakin bu ilin sonunda istifadəyə veriləcək Bakı-Tiflis-Qars dəmir yolunun açılışından sonra yükdaşıma potensialı xeyli artacaq. Gürcüstan dəmir yolları Asiya ilə Avropanı birləşdirən nəqliyyat qovşağı kimi strateji əhəmiyyət kəsb edəcək. Hazırda Gürcüstan üzərindən daşınan yüklərin 65 faizi tranzit yüklərdir, bu yüklərin bir hissəsi də Ermənistandan çıxır. Hesab edilir ki, Azərbaycan Gürcüstanda dövlət mülkiyyətində olan dəmir yollarının səhm paketinin bir hissəsini alarsa, onda Ermənistanın bu ölkə üzərindən yükdaşımaları ciddi sual altına düşə bilər. Yəni, Azərbaycan bununla Ermənistan üzərində əlavə təsir imkanları qazanır, onun regionda iqtisadi izolyasiyasını daha da gücləndirir.

Hər halda qonşu ölkənin dövlət mülkiyyətində olan dəmir yollarının səhm paketinin satış açıxarılması halında onu ala biləcək potensial investorlardan biri də məhz Azərbaycandır. Gürcüstanın isə yaxın tezlikdə dəmir yollarının səhm paketinin bir hissəsini satışa çıxaracağı tamamilə gözləniləndir. Qeyd edək ki, son günlərdə Gürcüstanın üzləşdiyi iqtisadi çətinliklərin miqyası daha da artıb. Gürcüstanda milli valyuta 20 faizdən çox dəyərdən düşüb, ölkənin valyuta ehtiyatları kəskin azalıb. Bu baxımdan hökumət bəzi dövlət müəssisələrinin satışa çıxarılmasını nəzərdən keçirir. Dəmir yolunun bir hissəsinin satışa çıxarılması isə Azərbaycanın diqqətini cəlb etməyə bilməz. Çünki Bakı-Tiflis-Qars dəmir yolu işə salındıqdan sonra Gürcüstan dəmir yolları Azərbaycan üçün daha böyük əhəmiyyət kəsb edəcək.

İki ölkə arasında yüksək səviyyədə siyasi, iqtisadi, humanitar əlaqələrin mövcudluğu isə Azərbaycanın Gürcüstanın dövlət mülkiyyətində olan dəmir yollarının səhm paketinin bir hissəsini almasında hansısa problemin meydana çıxmasına imkan vermir. Bu fonda müvafiq alış-veriş iqtisadi cəhətdən hər ikiölkə üçün də sərfəlidir. Regionda bundannarahat olacaq əsasölkə isə Ermənistandır. Çünki bu hal Ermənistanın işğalçılıq siyasəti üzündən bölgədə təcrid edilməsini daha da dərinləşdirəcək.